Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu xəstəliyə gənclərin 85 faizində rast gəlinir

Bu xəstəliyə gənclərin 85 faizində rast gəlinir

Yeniyetməlik dövründə bir çoxlarının üzündə sızanaqlar müşahidə olunur. “Akne” adı verilən bu xəstəlik bəzən uzun illər davam edir, müəyyən səbəblərdən yaşlı vaxtda da insanları narahat edir. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən seminar da məhz bu mövzuya həsr olunmuşdur.

Seminarda universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov çıxış edərək, haqqında bəhs olunan xəstəliyin gənclər üçün daha aktual olduğunu bildirib: “Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bir xəstəlik əsasən gənclərdə təsadüf olunur. 12--25 yaş arası gənclərin demək olar 85 faizində sızanaqlara rast gəlmək mümkündür”.

Elşad Novruzov qeyd edib ki, akne xəstəliyinə universitet tələbələri arasında da rast gəlindiyindən, bu seminarın təşkilinə ehtiyac yaranıb.  Maarifləndirmə xarakterli seminarda E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında danışıb. Akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunub.

Tədbirin sonunda qeyd olunub ki, Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün akne ilə bağlı pulsuz müayinə aparılır.  

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Noyabr 2018 11:29 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin