Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini  genişləndirir

İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Rektor Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu ifadə edib.  İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı mübadilələrin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. C.Məmmədov dünyanın inkişaf etmiş dövlətləri arasında olan İtaliya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının xüsusi  maraq kəsb etdiyini bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan C.Məmmədov xüsusi olaraq vurğulayıb ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi qabaqcıl təhsil müəssisələrindən  biri də məhz İtaliyanın “La Sapienza” Universitetidir ki, Aİİ bu tədris ocağı ilə qarşılıqlı əlaqələr qurmaqda maraqlıdır.

Aİİ rəhbərliyinə səmimi təşəkkürlərini ifadə edən səfir Auqusto Massari yeni yaradılmış İlahiyyat İnstitutuna müvəffəqiyyətlər arzulayıb, belə bir institutun yaradılmasını dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına böyük töhfə adlandırıb. Səslənən təklifləri müsbət qarşıladığını söyləyən səfir, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyini, qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə səy göstərməyə hazır olduğunu bildirib.

Sonra səfir Aİİ-nin tələbələri ilə görüşüb. Aİİ-nin  rektoru görüş zamanı Azərbaycan–İtaliya  arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, bu sahədə ulu öndər Heydər Əliyevin irsinin davamçısı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla  davam etdirməsindən söz açıb. C.Məmmədov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi, şübhəsiz, böyük hadisədir və tarix durduqca yaşayacaqdır.

İtaliyada təhsil imkanlarını tələbələrin diqqətinə çatdıran Aİİ-nin  rektoru bu ölkədə  din sahəsində ixtisaslaşmış müxtəlif universitetlərin olduğunu qeyd edib.

Səfir Auqusto Massari iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.  O bildirib ki, Azərbaycana ilk gəldiyi zaman dini liderlərlə görüşüb, Azərbaycanda mövcud olan multikultural mühitdən məmnunluğunu ifadə edib. Din müxtəlif etiqadlı insanların dinc birgəyaşayışını təmin edən faktorlardan biridir.

Səfir bütün dinlərin mənbəyinin eyniliyini nümunə gətirərək,  insanların bir-biri ilə əməkdaşlığa açıq olmalarının zəruriliyini ifadə edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

“Xalq qəzeti”

21 Noyabr 2018 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə