Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan – Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik əməkdaşlığın əsası 1993-cü il iyunun 11-də qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri – səmimilik, etibarlılıq, dostluq və qarşılıqlı mənfəət formalaşıb.  
Rəsmi Minsk və Bakı arasında dialoqun qurulması istiqamətində əməli addımlar isə Belarus Respublikası Baş nazirinin Azərbaycana səfəri zamanı, yəni 2001-ci ilin avqust ayında atılıb. 2004-cü ildə hökumət nümayəndələrinin qarşılıqlı görüşü reallaşıb. O zaman ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası yaradılıb. Bu komissiya iqtisadi proqram və layihələrin həyata keçirilməsində müsbət rol oynayıb. 
Xatırladaq ki, 2006-cı il Belarus-Azərbaycan münasibətlərində mühüm hadisə baş verib: Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb.  Bununla da hər iki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə qarşılıqlı səmərəli maraqları öz təsdiqini tapıb.   
Bundan sonra Azərbaycan və Belarus respublikalarına qarşılıqlı rəsmi və işgüzar səfərlər intensivləşib. Bu səfərlərin nəticəsi olaraq ikitərəfli münasibətlərin inkişafı istiqamətində bir sıra prinsipial məsələlərin həlli yolları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. 
İki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər   əlaqələrin bütün sahələrində öz əksini tapıb. Belarus və Azərbaycan rəsmiləri tərəfindən siyasət, iqtisadiyyat, vətəndaşların hüquqlarının və maraqlarının qorunması, səhiyyə, hüquq-mühafizə, humanitar və elmi-texniki əməkdaşlıq sahələrində 100-dən çox beynəlxalq müqavilə imzalanıb.    
Hazırda Azərbaycana Belarusun əsas ixrac malları maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məişət texnikası, qab-qacaq və digər məhsullardır. Belarus isə Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir.
Son illər ərzində istehsal kooperasiyası sahəsində əməkdaşlıq genişlənib, investisiya layihələrinin sayı artıb. İki ölkənin elmi dairələri arasında birgə tədqiqatların aparılması sahəsində uzunmüddətli əlaqələr formalaşıb.  
Yeni ikitərəfli layihələr müasir yerli maşınqayırma sahəsinin istehsalına, innovasiya proqramlarının həyata keçirilməsinə, təhsil sektorunda əməkdaşlığın intensivləşdirilməsinə, sağlamlığın mühafizəsinə, inşaat və xidmət sahələrinin qarşılıqlı ixracına, informasiya texnologiyalarının inkişafına yönəldilib.  
Bu gün Azərbaycanda artıq Belarus traktorları, yük maşınları, kommunal və kənd təsərrüfatı texnikası, optik cihazlar, liftlər, işıqdiodlu texnologiya əsasında hazırlanan çıraqlar yığılır.
İstehsal koorporasiyasının lideri hazırda  Gəncə Avtomobil Zavodu hesab edilir. Cəmi bir neçə il ərzində bu müəssisə müasir istehsal kompleksinə çevrilib. Hazırda onu Azərbaycan maşınqayırma sənayesinin lideri hesab etmək olar. 2007-ci ildən etibarən bu zavodda 6000-dən çox “Belarus” traktoru və onun bazasında xüsusi texnika, həmçinin 3000-dən çox “MAZ” avtomobili yığılıb.   
Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 18-də Belarus Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ətraflı danışılıb. 
Belarusun dövlət başçısı mətbuata bəyanatında ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirib. Bildirib ki, iki ölkə arasında əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. İndiyədək əldə olunan razılaşmalar tərəflər arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərib.  
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko daha sonra deyib: “Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir”. 
Belarusun dövlət başçısı, həmçinin ölkəsində  Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına böyük maraq yarandığını, Minskdə açılan Azərbaycan Ticarət Evinin səmərəli   fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda, nəqliyyat-logistika sahəsində bundan sonra birlikdə çox iş görməyə ehtiyac duyulduğunu diqqətə çatdırıb: “Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək”.
Prezident İlham Əliyev isə bəyanatında iki ölkə arasında  siyasi-iqtisadi münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən, qarşılıqlı hörmət və etimadın mövcudluğundan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Belarusun ədalətli mövqeyindən bəhs edib.  
Dövlətimizin başçısı bəyanatında, həmçinin iki ölkə arasında ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr olduğunu xatırladıb, eyni zamanda, əmtəə dövriyyəsinin getdikcə artmasını, Gəncə avtomobil zavodunun bazasında “Belarus” traktorlarının yığılması üçün istehsal sahəsinin yaradılması və onun uğurla fəaliyyət göstərməsini xüsusi vurğulayıb.       
Prezident İlham Əliyev bütün bunlarla bərabər, səfər çərçivəsində imzalanan bir sıra sənədlərin icrası ilə iki ölkə arasında əməkdaşlığın daha yüksək səviyyədə inkişaf edəcəyinə əminliyini ifadə edib. 
Xatırladaq ki, dövlət başçısının Belarusa səfəri zamanı sosial-əmək, rabitə və informasiya-kommunikasiya texnologiyaları sahələrində, hava hücumundan müdafiə silah və texnikasının təchiz oluması, kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq və digər sahələrdə əməkdaşlıq barədə sənədlər imzalanıb. 
Azərbaycan-Belarus arasında ticari-iqtisadi, diplomatik, siyasi, hərbi sahələrdə  münasibətlər yüksək səviyyədə inkişaf edib. İki ölkə arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb. Sənaye kooperasiyasında müsbət göstəricilər əldə edilib.    
Əməkdaşlığın dinamik inkişafı Belarus Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyevin Minskdə Azərbaycan Ticarət Evi ilə tanışlığı zamanı bir daha özünü qabarıq büruzə verib.   
Xatırladaq ki, Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının  Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. 
Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin “ASAN” və “ABAD” stendləri də ziyarətçilərə təqdim edilir. Bundan əlavə, Azərbaycandan başqa, beş ölkədə fəaliyyət göstərən informasiya texnologiyaları şirkəti “Caspel”in nümayəndəliyinin stendi də sərgidə nümayiş olunur.
Ticarət Evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.
Onu da qeyd edək ki, Belarus və Azərbaycan prezidentlərinin qərarlarına uyğun olaraq hazırda istehsal kooperasiyası sahəsində qarşılıqlı təsirin miqyasının genişləndirilməsi üzrə tədbirlər həyata keçirilir.
Gəncə şəhəri ilə aparılan istehsal əməkdaşlığından savayı, Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Milli Aviasiya Akademiyası ilə layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. 
Koorporasiyanın inkişafı üzrə hədəflərdən biri də birgə Belarus- Azərbaycan məhsulu ilə üçüncü ölkə bazarlarına çıxış əldə etməkdir. Bu istiqamətdə iş artıq Belarus traktor zavodları ilə Azərbaycan zavodları, o cümlədən Gəncə Avtomobil Zavodu ilə aparılır. Belarusda əmindirlər ki, bu cür inkişaf qarşılıqlı mənfəət təşkil edir və Azərbaycan Cənubi Qafqazda, Orta Asiyada birgə məhsulun inkişaf etdirilməsi üçün mərkəz olacaq imkanlara malikdir.
Yuxarıda qeyd edilənlər Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, uğurla inkişaf etdiyini və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində olduğunu göstərir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, ölkə rəhbərlərinin şəxsi dostluq münasibətləri isə əlaqələrin genişlənməsinə böyük impuls verir.   

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

20 Noyabr 2018 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə