Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın bəyanatları onun qeyri-peşəkarlığını göstərir

Paşinyanın bəyanatları onun qeyri-peşəkarlığını göstərir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana layiq olduğu yeri göstərdi. Bu, Qazaxıstanın – qardaş türk dövlətlərindən birinin paytaxtı Astanada baş verdi. Üstəlik, KTMT-nin fəal üzvlərindən olan Belarusun da Azərbaycana dəstək verməsi Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanı lap hövsələdən çıxardı. 
Artıq erməni liderinin qeyri-peşəkarlığı və diplomatiyadan tamamilə uzaqlığı o həddədir ki, o, Astana sammitində uğradığı uğursuzluğa görə Belarus və Qazaxıstandan izahat tələb etmək fikrinə düşüb. Bütün bu addımlar Paşinyanın nüfuzuna ciddi zərbə vurur, onu təkcə erməni ictimaiyyəti arasında deyil, bütün MDB məkanında hörmətdən salıb. 
Bu günlərdə isə Paşinyan daha da qabağa gedərək Belarus XİN-in bəyanatına çox sərt şəkildə münasibət bildirib: “Mən təəssüf edirəm ki, keçmiş Sovet İttifaqı ərazisində Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi kimi şəxslər çalışır. Mənim babam iki qardaşı ilə birlikdə Belarusu azad edərkən həlak olub. Belarus xalqı bütün bu faktları bilə-bilə, erməni xalqına hörmət etməlidir”.
Deməli, belə görünür ki, Paşinyanın babaları Belarusun azadlığı uğrunda həlak olubsa, Belarus lideri Ermənistanın hər şıltaqlığına dözməli, onun istədiyi kimi hərəkət etməlidir. Heç dəxli var?! Bəs sabiq SSRİ-nin, o cümlədən, Belarusun azadlığı uğrunda həlak olmuş azərbaycanlıları neyləyək? Paşinyan, yəni bunu da bilmir? 
Baş nazir əvəzi MDB məkanında Ermənistana kiçik dövlət və kiçik xalq kimi yanaşılmasından da narazılığını ifadə edib və yenidən hədə-qorxu dili ilə danışıb: “Bizim maraqlarımızla hamı hesablaşmalıdır və söz verirəm ki, hesablaşacaqlar”. İndiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromissiz və beynəlxalq hüquqa zidd bəyanatları ilə yadda qalan Ermənistan rəhbəri indi də siyasi səbatsızlığı və qeyri-peşəkarlığı üzündən dövlət başçıları arasında münasibət qaydalarını kobud şəkildə pozur. Necə yəni hamı bizim maraqlarımızla hesablaşacaq? Paşinyan buna hansı yolla nail olmaq fikrindədir? Bəlkə o, Belarusu qoyacağı investisiyalarla ələ alacaq? Bu, mümkün deyil, çünki Ermənistan özü xarici ianələr hesabına yaşayır. Bəs onda hansı yolla? Bəlkə ermənilərin ənənəvi təsir və təzyiq vasitəsi olan terrorla. Hə, bax, Paşinyan bunu edə bilər, ermənilərin sınanılmış metodudur. 
Beləliklə, KTMT-nin rəhbəri vəzifəsinə Ermənistan nümayəndəsi Yuri Xaçaturovun əvəzinə başqa bir erməni generalının təsdiqlənməsindən imtina edilməsi Paşinyanı bərk əsəbiləşdirib. Amma o, nəzərə almaq istəmir ki, Xaçaturov ölkəsində günahsız insanları gülləbaran etməkdə və vəzifəsindən sui-istifadədə ittiham olunur. Bir cinayətkarın əvəzinə ikinci cinayətkarı təyin etməyin nə mənası var? 

 

Kamran RAMAZANLI, 
qafqazşünas

20 Noyabr 2018 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin