Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya davam edir

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya davam edir

Binəqədi

Binəqədi rayon məktəblilərinin bir qrupu “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Gəncə, Göygöl və Şəmkir rayonlarında olublar. 
Gəncə şəhərinə yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirak etdikləri yolasalma mərasimində şagirdlərdən Nuray Məmmədzadə, Tural Qasımov, valideyn Emin Dadaşzadə, 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov tur-aksiyaya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyəti başçısı Elxan  Allahverdiyev Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 18-dən 21-dək qərb bölgəsinə səyahət zamanı Gəncə, Göygöl və Şəmkirin tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlər, habelə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Binəqədi məktəbliləri ekskursiyanın ilk günü Gəncədə Heydər Əliyev adına meydanda ümummilli liderin abidəsini və  Heydər Əliyev Mərkəzini ziyarət edib, dahi öndərin xatirəsini ehtiramla anıblar. Daha sonra isə şəhərdəki tarixi abidələr, müqəddəs məkanlar, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Nizami Gəncəvi adına mərkəz, Heydər Əliyev adına Milli park, Cavad xan Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Gəncə bulvarı ilə tanışlıq məktəblilərdə böyük maraq oyadıb.
Tur-aksiya iştirakçıları Şəmkir rayonununda Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı, Şəmkir Aqroparkı ilə yaxından tanış olublar. 
Göygöl rayonunda isə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Alman kilsəsi, sonuncu Alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl Milli Parkı tur-aksiya iştirakçılarına xoş təsir bağışlayıb.
Şəki
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, noyabrın 20-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiya iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq tədbirlər, festivallar keçirilir. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Qeyd olunub ki, şəhərdə orijinal layihə əsasında yeni tikilən və bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə ulu öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək.
Məktəblilərin diqqətinə çatdırılıb ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
Sonra beş rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Məktəblilər mərkəzin emalatxanalarını gəzib, şəkili sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəbliləri günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”
AZƏRTAC

20 Noyabr 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin