Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaradağ rayonunda payız iməciliyi

Qaradağ rayonunda payız iməciliyi

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. 
Dahi öndərin müəyyənləşdirdiyi ekoloji siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşıllıq zolaqları genişləndirilir, ekoloji tarazlıq bərpa edilir, insanlar arasında təbiətə qayğı hissinin təbliğinə mühüm önəm verilir. 
Bakı şəhərinin Qaradağ rayonunda da ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi bu gün diqqət mərkəzində saxlanılır. 
Həyata keçirilən tədbirlərin davamı olaraq rayonun Lökbatan qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində 300 nəfərin iştirakı ilə növbəti iməcilik keçirilib. 
İməcilikdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP rayon təşkilatının fəalları, təsərrüfat xidmətlərinin rəhbərləri, gənclər, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ərazi tullantılardan təmizlənib, mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib və burada Abşeron yarımadasının iqliminə uyğun 700 ədəd yeni zeytun və badam ağacları əkilib. 
İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. 
Davamlı olaraq keçirilən ağacəkmə tədbirləri nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

 

A.SADIQOV,
“Xalq qəzeti”

20 Noyabr 2018 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin