Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin şəhid ailələrinə diqqət və qayğısını həmişə hiss etmişik

Azərbaycan Prezidentinin şəhid ailələrinə diqqət və qayğısını həmişə hiss etmişik

Azərbaycan cəlb olunduğu ədalətsiz müharibədə minlərlə şəhid verib. Onların adı Azərbaycanın şərəf tarixinə yazılıb. Ermənistanın təcavüzünə qarşı mətanətlə mübarizə aparmış, canlarını Vətən uğrunda fədakarlıqla qurban vermiş bu qəhrəman oğullardan biri də qardaşım Vilayət Yunis oğlu Xudiyevdir. 
Vilayət Aqrar Sənaye Texnikumunu bitirmiş, sovet ordusunda hərbi xidmətdən yenicə qayıtmışdı. Dağlıq Qarabağ uğrunda döyüşlər başlananda o da doğma Vətənin müdafiəsinə qalxdı. Ağdərə uğrunda döyüşlərdə, xüsusən qanlı Drombon savaşlarında böyük mübarizə yolu keçdi. Mərdliyinə və cəsarətinə görə batalyon komandiri təyin olunmuşdu. O, özünün qəhrəman döyüşçüləri ilə təcavüzkar ermənilərə qan uddurmuşdu. Lakin 1992-ci il oktyabrın 8-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuş və cəsədi ermənilərin əlinə keçmişdi. Qəddar düşmənlər onun cəsədinə qarşı vəhşilik etmiş, qollarını, ayaqlarını kəsmiş, gözlərini çıxarmışdılar. 
Vilayət hazırda Bakıdakı Şəhidlər xiyabanında uyuyur. Azərbaycan dövləti və xalqı bütün şəhidlərimizin qəhrəmanlığı ilə həmişə fəxr edir, xatirələrini əziz tutur. Respublika Prezidenti İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir, onların həyat şəraitinin və güzəranlarının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür. Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmanı da bu istiqamətdə atılan növbəti humanist addımdır. Bu fərmanla şəhid ailələrinə 11 min manat həcmində birdəfəlik ödəmə verilir. 
Biz də, belə ailələrdən biri kimi, möhtərəm Prezidentimiz İlham Əliyevə bu böyük diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. İnanırıq ki, dövlət başçımızın bu humanist addımı nəticəsiz ötüşməyəcək, sonda ordumuzun daha da ruhlanmasına, güclənməsinə və Dağlıq Qarabağın azad olunmasına gətirib çıxaracaqdır. 

 

Xalidə KAZIMOVA, 
şəhid bacısı

20 Noyabr 2018 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin