Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün qorunması yolunda canlarını əsirgəməyən hərbçilərimizin ailələrinə, vərəsələrinə daim diqqət və qayğı ilə yanaşır, onların üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar verir, bununla bağlı qanun və sərəncamlar imzalayır.
 Dövlətimizin başçısı Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin olunmasına, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə də əlverişli mühit yaradır. 
Fikrimi əsaslandırmaq üçün bir faktı diqqətə çatdırmaq istərdim. Ölkə ­Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün onların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə müəyyənləşdirilməsi də dövlətimizin başçısının humanist siyasətinin parlaq ifadəsidir. 
Mən bu humanist addımı konkret faktla xatırlatmaq istərdim. Qardaşım Etibar Yusifov Beyləqanda gedən döyüşlər zamanı şəhid olduğu gündən etibarən ailəmiz dövlət qayğısı ilə əhatə edilib. Bundan başqa, cənab Prezidentin 
2018-ci il 19 aprel tarixli fərmanı ilə müəyyənləşdirilən qayda bizim də ailəyə şamil olunub.
Lakin, təəssüf edirəm ki, bəzi şəxslər dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnməyə cəhdlər göstərir, ölkə Prezidentinin humanist siyasətini gözdən salmaq məqsədilə əsassız ittihamlar irəli sürürlər. Amma haqq-ədalət göz önündədir. Heç kəs bu nəcib addıma ləkə yaxa bilməz.
Sonda bir məqamı da vurğulamağı lazım bilirəm. Prezident İlham Əliyev bu humanist addımla Vətənə canı bahasına xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha göstərdi. Yuxarıda barəsində söz açdığım fərman, eyni zamanda, Ali Baş Komandanın Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban vermiş hərbçilərimizin vərəsələrinə diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həm də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanan aydın və birmənalı mesajdır. Yəni, bu, o deməkdir ki, Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır.

 

Bəxtiyar USUBOV, 
Şəmkir rayonu, 
Təzəkənd qəsəbəsi, 
Mikayıl Müşfiq küçəsi

 

20 Noyabr 2018 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin