Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

Suraxanı rayonu 
Suraxanı rayonunun bir qrup məktəblisinin “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Masallı-Lerik istiqaməti üzrə təntənəli yolasalma mərasimi keçirilib.
Məktəblilər əvvəlcə  ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər. Onlar rayondakı Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra burada “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izləyiblər.  
Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəblilərə uğurlu yol arzulayıb, maarifləndirici tur-aksiyanın yeniyetmələrin ölkəmizi daha yaxından tanımalarında, bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə bağlı əhatəli məlumat əldə etmələrində, dünyagörüşlərinin  formalaşmasında xüsusi əhəmiyyətini vurğulayıb.    
Başçı, həmçinin diqqətə çatdırıb ki, layihənin əsas məqsədi ümummilli liderimizin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə məktəbliləri yaxından tanış etmək, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.    
İlqar Abbasov, eyni zamanda, qeyd edib ki,  dövlət səviyyəsində həyata keçirilən bu işlərə Heydər Əliyev Fondu da güclü dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı şəkildə öz töhfəsini verir.
Rayon rəhbəri çıxışında dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən 10-cu tur-aksiyada iştirak edən Suraxanı rayonu məktəblilərinin cənub bölgəsində aparılan abadlıq-quruculuq işləri ilə əyani şəkildə tanış olacağını, onlara sitrus bağları, çay plantasiyaları, tarixi yerlər haqqında ətraflı məlumat veriləcəyini bildirib. 
Yolasalma mərasimində YAP  rayon təşkilatının sədri Vüqar Seyidov, 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, bundan əvvəlki tur-aksiyaların iştirakçıları Zeynəb Vəliyeva, Dünya Ramazanova, valideyni Leyla Ramazanova və başqaları çıxış edərək, şagirdlərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. 
Tədbir rayonun mədəniyyət kollektivləri tərəfindən  hazırlanan konsert proqramı ilə davam edib.  
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik istiqamətində yola düşüblər. 
Qaradağ rayonu 
Noyabrın 18-də Qaradağ rayon məktəblilərinin ikinci qrupu “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaya qoşulub. 
Tur-aksiya iştirakçılarını Lənkəran-Masallı-Astara marşrutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşmışdılar. 
Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. O, tur-aksiyanın birinci mərhələsində iştirak edən şagirdlərin zəngin təəssüratlarla qayıtdıqlarını qeyd edərək, bu səyahətin də çox uğurlu və faydalı olacağına əminliyini ifadə edib. 
Şagirdlər onlar üçün bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Məktəblilər tur-aksiya çərçivəsində səfər etdikləri rayonların tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlarına, bilik və dünyagörüşlərini daha da artıracaqlarına, yeni dost qazanacaqlarına əminlik ifadə ediblər.
Gəncə şəhəri
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Abşeron, Binəqədi, Sabunçu, Nərimanov, Şuşa, Zəngilan, Neftçala, Salyan, Şirvan, İmişli məktəbliləri noyabrın 19-da Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.
Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.
Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.
Burada məktəblilər dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. ­Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib.
“İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.
Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.
Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçəboyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları daha sonra Xan bağında gəziblər. Bildirilib ki, Xan bağı Gəncə xanlarının əsas istirahət məkanlarından olub. XIX əsrin ortalarında isə Qafqaz canişininin əmrinə əsasən Xan bağında Qara dəniz sahillərindən gətirilmiş nadir ağac və gül kolları cərgə üsulu ilə əkilib. Beləliklə, Xan bağı həm də Gəncənin Avropa üslubunda salınmış ilk mədəni-istirahət parklarından birinə çevrilib. Məktəblilərə 1588-ci ildə Osmanlı sultanı 3-cü Muradın əmri ilə Qafqazdakı Osmanlı qoşunlarının komandanı Fərhad paşa tərəfindən tikilmiş Gəncə qalasının bir hissəsi olan Şirəli bəy bürcünün tarixi haqqında və bu qala ətrafında şəhər uğrunda gedən qanlı döyüşlər barədə ətraflı məlumat verilib. Şagirdlər xan bağında heykəli ucaldılan Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin abidəsini və Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsini də ziyarət ediblər.
Daha sonra tur-aksiya iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının və Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi tarixi binalarla tanış olublar. Bildirilib ki, tarixi binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binası, ikincisində isə AXC-nin Gəncə dövrünü  özündə əks etdirən İstiqlal Muzeyi fəaliyyət göstərir. Muzeyin ekspozisiya zallarında nümayiş olunan tarixi sənədlər, fotolar və xəritələr, həmçinin AXC liderlərinin mum heykəlləri məktəblilərdə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri olan 1918-1920-ci illər haqqında zəngin təəssürat yaradıb.  
Sonda tur-aksiya iştirakçıları Mirzə Şəfi Vazeh Muzeyinə və şairin adını daşıyan parka gəliblər. Məktəblilərə məlumat verilib ki, Mirzə Şəfi Vazeh Muzeyi Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Tur-aksiya iştirakçılarına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu deyən bələdçilər mütəfəkkirin adını daşıyan muzeydə görülən işləri də diqqətə çatdırıblar.
Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Gəncənin möhtəşəm abidələri və zəngin muzeyləri tur-aksiya iştirakçılarında böyük təəssürat yaradıb.
Xaçmaz rayonu
Şimal-qərb bölgəsinə ekskursiyada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının 240 nəfər yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edirlər.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə ­Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 18-dən 21-dək şimal-qərb bölgəsinə səyahət zamanı Qəbələ, Şəki və Zaqatalanın tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”,
AZƏRTAC

20 Noyabr 2018 01:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin