Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) XX Səlahiyyətli Konfransı başa çatıb. Azərbaycan bu konfransda yenidən BTİ Şurasına üzv seçilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, BTİ  Səlahiyyətli Konfransı “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.
Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan BTİ 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir.
Dörd ildən bir keçirilən Səlahiyyətli Konfrans isə BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisatdır. Şura Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və ittifaqın fəaliyyətinin, siyasəti və strategiyalarının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir. Bunun üçün 4 illik müddətdə hər il toplaşaraq cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi və maliyyə və xərclərin monitorinqi təmin olunur, qəbul edilmiş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.
Oktyabrın 29-dan noyabrın 16-dək keçirilmiş builki konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məhəmməd bin Rəşid Al Məktum, BTİ-nin baş katibi Houlin Zao, ittifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
BTİ-nin baş katibi H.Zao açılış mərasimində çıxışı zamanı bildirib ki, dünyada 4 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də Səlahiyyətli Konfrans çərçivəsində BMT-nin “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində müzakirələr aparılacaq. O qeyd edib ki, BTİ üzv ölkələr arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də sahə üzrə gender balansı yaratmağı təşviq edir.
“Təhsil, səhiyyə, elektron hökumət və mobil bankçılıq sahəsində İKT-nin  tətbiqi dünyada milyardlarla insana geniş imkanlar yaradır. “5G”, süni intellekt, irihəcmli məlumatlar və “Əşyalar interneti” kimi yeni texnologiyalar bizim yaşamaq, işləmək və öyrənmək imkanlarımızı dəyişəcək. Bu gün bütün dünyanı birləşdirən qüvvə İKT-dir”, – deyə baş katib vurğulayıb.
BMT-nin baş katibi Antonio Quterreş konfrans iştirakçılarına videomüraciətində bildirib ki, bəzi hallarda yeni texnologiyalardan düzgün istifadə edilməməsi nəticəsində yaranan risklərdən qorunmaq məcburiyyətində qalırıq. Bununla belə, rəqəmli texnologiyalar “Davamlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün həyata keçirilən işləri sürətləndirməkdə mühüm rol oynayır. O, həmçinin qeyd edib ki, bu yaxınlarda BMT tərəfindən rəqəmli əməkdaşlığı inkişaf etdirmək üçün Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb. Bu qrupun məqsədi hamı üçün təhlükəsiz və faydalı rəqəmli texnologiyaları inkişaf etdirməkdir.
Konfransın ilk həftəsinin növbəti günləri BTİ-nin seçkili rəhbər vəzifələrinə – baş katib, onun müavini və 3 büro rəhbərinin seçkiləri ilə əlamətdar olub. Konfransda keçirilən seçkilərin yekununda bəlli olub ki, növbəti 4 il ərzində də ittifaqa Çin təmsilçisi Houlin Zao başçılıq edəcək. Yeni baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. O, 2019-cu il yanvarın 1-dən etibarən yeni müddət üzrə səlahiyyətlərinin icrasına başlayacaq. 
Digər vəzifələrə keçirilən seçkilərdə Böyük Britaniya təmsilçisi Malkolm Conson BTİ-nin baş katibinin müavini, Koreya təmsilçisi Çausib Lee Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru və ABŞ təmsilçisi xanım Dorin Boqdan Martin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə seçilib. BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsinə seçkidə isə ikinci turda Uruqvay təmsilçisi Mario Mario Maniyeviç qalib gəlib. Xanım Dorin təşkilatın 153 illik tarixi ərzində seçkili rəhbər vəzifəyə seçilən ilk qadın olub.
Bundan sonra, noyabrın 5-də BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə seçkilər keçirilib. Həmin gün Dubayda keçirilən 20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazılıb. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Ölkəmizin ardıcıl olaraq ikinci dəfə şuraya seçilməsi böyük nailiyyətdir.
Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazandı və bu komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi oldu. 
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan “Radio haqqında” Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiqləyir. Komitəyə 193 üzv-dövlətdən cəmi 12-si daxildir və artıq bu sırada Azərbaycanın da adı var. Bununla da 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz təşkilatın Şurası ilə yanaşı, onun əsas orqanlarından biri olan komitəyə də üzv seçilərək ikiqat uğura imza atdı. Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması, ölkədə həyata keçirilən dövlət siyasətinin uğurları belə yüksək nəticələrin əldə edilməsinin əsas səbəbidir.
Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əhatəli çıxışı ölkəmiz haqqında iştirakçılarda müsbət təəssüratın yaradılmasında, təşviqatın aparılmasında müsbət rol oynadı. Azərbaycanda İKT sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin şuranın fəaliyyətində aktiv iştirakdan danışan nazir Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edib. Ramin Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək fəaliyyət proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”da öz əksini tapıb.
“Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda, rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64 faizində kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, “4G” texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk “TIER III” səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək”, – deyə nazir bildirib.
BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasıdır. Ramin Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.
Konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyənləşdirəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın, öz növbəsində, ittifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Azərbaycanın səlahiyyətli konfransda geniştərkibli iştirakını və seçkilərdə qazandığı uğuru yüksək qiymətləndirən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zao bildirib ki, o, Azərbaycanda İKT sahəsində həyata keçirilən işləri yaxından izləyir.
“Ölkəniz bu sahədə çoxsaylı nailiyyətlər əldə edib və “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verib. Avrasiya regionunda, eləcə də, dünyanın digər ərazilərində də İKT-nin inkişafını dəstəkləmək üçün Azərbaycan faydalı işlər görür. Biz Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk və bilirik ki, Azərbaycan BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan son illər ərzində keçirilmiş İKT tədbirlərində fəal iştirak etməklə bərabər, həm də özü bu sahədə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Sevindirici haldır ki, Azərbaycan BTİ Şurasına və ilk dəfə olaraq Radio Tənzimləmə Komitəsinə üzv seçilib. Yuxarıda dediklərimə əlavə olaraq bildirmək istərdim ki, Azərbaycanın bu cür böyük nailiyyətlər əldə etməsində ölkə Prezidentinin böyük dəstəyini yüksək qiymətləndiririk”, – deyə Houlin Zao vurğulayıb.
Ölkəmizin bu konfransdan yüksək nəticələrlə qayıtmasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğumuzun mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərir.

20 Noyabr 2018 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin