Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ədliyyəsi keyfiyyətcə yeni inkişaf mərhələsində

Azərbaycan ədliyyəsi – 100

Azərbaycan ədliyyəsi keyfiyyətcə yeni inkişaf mərhələsində

Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı müvafiq sərəncamla təsis edilən 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü artıq 19 ildir ki, respublikamızın ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş şəkildə qeyd olunur. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradan bu peşə bayramı, həm də dahi rəhbərin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürüdür. 
Ədliyyə Nazirliyi dövlətimizin hüquq siyasətini reallaşdıran əsas orqanlardan biri kimi dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar həyata keçirilməklə bu gün təkmil struktura çevrilib, cəmiyyətdə rolu və nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. 
Şərqdə və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il may ayının 28-də yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoyan Azərbaycan ədliyyəsinin bu günü barədə söhbət açmazdan əvvəl qurumun keçdiyi şərəfli yola qısa nəzər salmaq istərdim.
Əvvəlcə onu xatırladım ki, Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, fəaliyyəti dövründə mühüm demokratik hüquqi islahatlar həyata keçirilib. Çətin və mürəkkəb tarixi bir şəraitdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub, dövlət quruculuğu sahəsində ciddi tədbirlər görülüb. Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, təhsil milliləşdirilib, ilk universitet təsis olunub. Bütün bunlarla yanaşı, xalqın sonrakı illərdə mədəni yüksəlişinə müsbət təsir göstərən, ictimai fikir tarixi baxımından müstəsna rol oynayan layihələr gerçəkləşdirilib. 
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini ölkəmizin müstəqillik tarixinin şanlı səhifələrindən biri kimi qiymətləndirib, onu Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edib: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”. 
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məhkəmə təsisatının yaradılmasına da xüsusi qayğı ilə yanaşırdı. Çünki cümhuriyyət yaradıcılarının fikrincə, hüquqi dövlətin varlığı, həm də müstəqil məhkəmə təsisatının mövcudluğu ilə bağlı idi. Fətəli Xoyski hüquqi dövlətdə məhkəmənin rolunu yüksək qiymətləndirərək bildirirdi: “Yalnız o ölkə, o dövlət hüquqi hesab edilə bilər ki, orada ədalət mühakiməsinin həyata keçirilməsi, həqiqətin müəyyən edilməsi üçün bütün zəruri təminatlarla təşkil edilmiş müstəqil, qərəzsiz, əhaliyə yaxın məhkəmə var. Belə məhkəmədən məhrum olan ölkə həmişə özbaşınalıq və anarxiyanın hakimiyyəti altında olur. Bu zaman ortada hüquq qaydasından söhbət belə gedə bilməz”.
Buna görə də Xalq Cümhuriyyətinin fəaliyyətində ədliyyə və məhkəmə-hüquq islahatlarının gerçəkləşdirilməsi prioritet istiqamət idi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci il mayın 28-də həm də Ədliyyə Nazirliyinin təsis edilməsi, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədovun isə nazir təyin olunması bunun bariz ifadəsi idi. 
Qeyd edək ki, Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyətinin bərpa edilməsi, noyabrın 14-də Azərbaycan məhkəmə palatasının Əsasnaməsinin, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəlinin təsdiq olunması Xalq Cümhuriyyəti Hökumətinin bu sahədəki səmərəli fəaliyyətindən xəbər verirdi. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə naziri, eyni zamanda, baş prokuror vəzifəsini yerinə yetirirdi. Cümhuriyyətin ədliyyə nazirləri olmuş F.Xoyski, X.Xasməmmədov, A.Səfikürdiski və T.Makinski, eyni zamanda, demokratik respublikanın baş prokurorları olmuşlar.
Xatırladım ki, həmin vaxt prokurorluğun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət idi. 
Xalq Cümhuriyyəti ­zamanı Ədliyyə Nazirliyinin təşəbbüsü ilə dövlətin əsaslarının möhkəmləndirilməsinə xidmət edən bir sıra mühüm qanun layihələri, o cümlədən, respublikanın yaranmasından keçən il yarım münasibətilə ümumi amnistiyanın elan edilməsi ilə bağlı sənəd hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. “Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanun layihələrinin parlamentdə müzakirə olunması nazirliyin dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində apardığı işlərin mühüm göstəricilərindən idi. 
Cümhuriyyət hökumətinin 1919-cu il 11 avqust tarixli qərarı ilə həbsxana işinin ədalət mühakiməsinin reallaşdırılmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq, həbsxanaların Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi, bu sahədə təkmilləşdirilmə tədbirləri görülməsi də ədliyyə və məhkəmə-hüquq islahatlarının icrası istiqamətində atılan mühüm addımlardan biri idi. 
Ümumilikdə, o dövrdə şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ədliyyə naziri başda olmaqla bu qurumun işçiləri son günə qədər öz xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra etmiş, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşlər.
Bütün qeyd edilənlər isə Cümhuriyyət Hökuməti tərəfindən ölkədə hüquq-mühafizə məsələlərinin diqqət mərkəzində saxlanıldığını, respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət verildiyini göstərir. 
Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il mayın 13-də Ədliyyə Nazrliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1933-cü ildə isə bu qurumun yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər adı çəkilən komissarlığa həvalə olunmuşdur. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə, komissarlığın fəaliyyəti xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir. Ədliyyə Komissarlığı 1959-cu il dekabrın 7-də ləğv edildikdən sonra isə səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürülmüşdür.
Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlə bağlıdır. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz mühüm töhfəsini vermişdir. Həmin təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün əsas baza rolunu oynamışdır.
Sovet İttifaqı dağıldıqdan sonra – 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu, Cümhuriyyətin dövlətçilik ənənələrinə əsaslanılaraq, tarixi varislik üzərində yeni azad dövlət yaradıldı. Lakin bu zaman xalqımız dövlətçiliyin itirilməsi, ölkəmizin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdı: respublikada hərc-mərclik, anarxiya hökm sürürdü, erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu. Belə bir şəraitdə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin və dövlətin həyatında sürətli dəyişikliklər başlandı. Müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər, aparılan islahatlar dövlət aparatının formalaşdırılmasına, bu inkişafa şərait yaradan qanuvericlik bazasının, hüquq sisteminin yaradılmasına səbəb oldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Ulu öndərin təşəbbüsü ilə o illərdə Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti təsis edilməklə yanaşı, keçmiş MDB-də ilk dəfə olaraq Azərbaycanda istintaq təcridxanaları nazirliyin tərkibinə verilmişdir. Bundan başqa, 2000-ci ildə iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı – Notariat və VVADQ orqanlarında da köklü dəyişikliklər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodoloji yardım göstərilməsi sözügedən nazirliyin funksiyalarına aid edilmişdir. 
Onu da bildirim ki, 2001-ci il avqust 16-da Azərbaycanın ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması ümummilli lider tərəfindən bu sahəyə verilən dəyərin göstərici, ədliyyəmizin tarixinə hörmətlə yanaşılmanın parlaq ifadəsi idi.
Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası son 15 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır. Hazırda ulu öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində yüksək nailiyyətlər qazanılmaqla müstəqilliyimizin 100 illiyinə dəyərli töhfələr verilir, müasir tariximizin yeni, şanlı səhifələri yazılır.
Xatırladım ki, cənab İlham Əliyev prezident kimi fəaliyyətə başladığı dövrdən qanunçuluğa, hüququn aliliyinə həssaslıqla yanaşmış, ədliyyə sistemində islahatların reallaşdırılmasına mühüm önəm vermişdir. Dövlətimizin başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilməsi, bir sıra qurumların funksiyalarının dəqiqləşdirilməsi bunun bariz ifadəsi idi. 
Onu da vurğulayım ki, 26 may və 17 avqust 2006-cı il tarixlərində cənab İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunlar ədliyyə qulluqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən sənəd kimi böyük əhəmiyyət daşımışdır.
Həyata keçirilmiş islahatlar nəticəsində ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə bu sistemdə xidmətə qəbulun şəffaf müsabiqə yolu ilə aparılmasına, imtahan prosesinin internet üzərindən canlı yayımlanmasına başlanılmışdır. “Açıq hökumət” prinsiplərinin ədliyyədə geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə, habelə mobil versiyalarda fəaliyyəti də bu sistemdə şəffaflığın artırılmasına mühüm təsir göstərmişdir. 
Bundan başqa, 2009-cu il fevralın 6-da təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” milli ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində reallaşdırılmış məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamı olmuş, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların səmərəli fəaliyyətində önəmli rol oynamışdır. Eyni zamanda, Azərbaycan Respublikasında aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri dərinləşmiş, dövlətimiz nüfuzlu beynəlxalq qurumlarda böyük uğurlara nail olmuşdur.
Ədliyyə sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsidir. Dövlət başçısının 19 yanvar 2006-cı il ­tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələri yaradılmışdır. 
Son illərdə məhkəmələrin səmərəli fəaliyyəti məqsədilə yeni binaların inşası diqqət mərkəzində saxlanılır. Binalarda dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulur, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, habelə məlumatlılığın təmin edilməsi üçün məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılır, “elektron icra” sistemi tətbiq olunur və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi reallaşdırılır, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir. 
Son illər ərzində dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 14 məhkəmə üçün müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi, hazırda isə 7 məhkəmə üçün bina və komplekslərin inşasının davam etdirilməsi bunun bariz ifadəsidir. 
Qeyd edim ki, bu gün ölkəmizdə ədalət mühakiməsinin səmərəsinin artırılmasına xidmət edən genişmiqyaslı islahatlar aparılır, məhkəmə sistemi daha da müasirləşdirilir. 
Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş müvafiq dəyişikliklərin, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə imzaladığı fərmanların da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələrin tez bir zamanda fəaliyyətə başlaması üçün qısa müddətdə mühüm təşkilati tədbirlər görülmüş, 2011-ci ilin yanvar ayından etibarən 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır. 
Ədliyyə Nazirliyi fəaliyyəti dövründə hüquq-mühafizə orqanı olmaqla yanaşı, qanun yaradıcılığında da fəal iştirak etmiş, cəmiyyətin inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı normativ hüquqi sənəd layihəsi hazırlamış, yüzlərlə layihə hüquqi ekspertizadan keçirilmiş, mühüm sənədlər daxil edilən e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrləri istifadəyə verilmişdir. 
Ədliyyə Nazirliyinin fəaliyyətindən bəhs edərkən, notariat orqanlarının işinə də toxunmağı zəruri sayıram. Son illərdə bu qurumda xidmətin təşkili təkmilləşdirilmiş, notariat kontorlarının işi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmuş, şəffaf prosedurlar əsasında formalaşdırılmış, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi notariat işinin səmərəli təşkilinə böyük töhfələr vermişdir. 
Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verən dövlət başçısının rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin xeyli genişləndirilməsi, hakimlərin şəffaf seçimi, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin və müasir İKT-lərin geniş tətbiqi məhkəmələrin müstəqilliyini, şəffaflığını və əlçatanlığını daha da artırmışdır.
Ümumiyyətlə, Azərbaycanda məhkəmə islahatlarının reallaşdırılması istiqamətində tətbiq olunan yeniliklər, məhkəmələr üçün unikal infrastrukturun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi, eləcə də hakimlərin seçim prosedurunun şəffaflığı və obyektivliyi beynəlxalq aləmdə böyük maraqla qarşılanmış, əldə edilən uğurlar Avropa Şurasının dövri nəşrlərində belə qiymətləndirilmişdir. 
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdim. Ədliyyə Nazirliyində vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasına mühüm önəm verilir, bununla əlaqədar nazirlikdə, bölgələrdə vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” çərçivəsində müraciətlərə həssaslıqla baxılaraq vətəndaş məmnunluğuna nail olunur. 
Həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir. Bu da təbiidir, çünki “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən ölkə Prezidenti mütəmadi olaraq ictimaiyyətlə görüşərək, vətəndaşların qayğıları ilə maraqlanır, onların müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqət mərkəzində saxlayır, humanizm siyasətini uğurla davam etdirir.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalanmış və bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır.
Prezident İlham Əliyev “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim”– söyləməklə yeganə düzgün yol olan ulu öndərin yolu ilə gedən ölkəmizin müstəqillik tarixinin bundan sonra da yeni, parlaq səhifələrinin yazılacağına əminliyini ifadə etmişdir.

 

Zaur PİRVERDİYEV,
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi

20 Noyabr 2018 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin