Ən son xəbərlər

Son buraxılış
Arxiv

AXCP sədri Əli Kərimli tərəfdarlarının siyasi spekulyasiyası bu dəfə də baş tutmadı

AXCP sədri Əli Kərimli tərəfdarlarının siyasi spekulyasiyası bu dəfə də baş tutmadı

Hər dəfə Azərbaycanda hansısa mötəbər tədbir  keçiriləndə və ya xarici siyasət sahəsində növbəti bir uğur qazanılanda bir tərəfdən erməni lobbisi, ermənipərəst dairələr, digər tərəfdən isə antiazərbaycan qüvvələr,  ölkəmizin əleyhinə  aparılan piar kampaniyalarında həmişə düşmənlərimizlə həmrəy olan, adlarını müxalifət qoyan xəyanətkarlar yersiz haray-həşir salırlar. Bununla ictimai-siyasi sabitliyi pozmağa cəhd edir, eyni zamanda,  Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Yalnız AXCP-dən ibarət olan Milli Şura adlı qurum isə bu xəyanətkarlıqda həmişə “irəlidə” olub.
Noyabrın 17-də həmin şər qüvvələr yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər. Milli Dirçəliş Gününü bəhanə edən  bir qrup AXCP üzvü  Bakıda Şəhidlər xiyabanı istiqamətində icazəsiz yürüş-mitinq keçirməyə can atıb. Aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.
AXCP sədri Əli Kərimli və onun tərəfdarları çox yaxşı bilirlər ki,  ölkəmizdə keçirilən hər hansı bir aksiya – mitinq və küçə yürüşləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.  Belə aksiyaların keçirilməsi müvafiq icra hakimiyyəti ilə razılışdırıldıqdan sonra, mitinq və küçə yürüşünün keçirilməsi  üçün müvafiq ərazidə yer ayrılır, hətta iştirakçıların təhlükəsziliyi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunur . Müvafiq  qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketlər isə qanunsuz hesab edilir. 
Məhz  bu  səbəblər üzündən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalının Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar ­sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərmələri iflasa uğradı.  AXCP üzvləri bilərəkdən ictimai-siyasi sabitliyi pozmaqla polislə qarşıdurma yaratmış və  bununla da yenidən gündəmə qayıtmaq istəmişlər.  Hətta  hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni aksiya keçirmək istəyənlərə xəbərdarlıq edisə də, onlar  xəyanətkar əməllərindən əl çəkməmişlər.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumat da təsdiqləyir. Məlumatda bildirilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri  əvvəlcədən xəbərdar edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərmişlər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar.
Şübhəsiz, Əli Kərimli və tərəfdarları bu qarşıdurmanı  ictimaiyyətə demokratik hərəkatın qarşısının zorla alınması kimi sırımağa çalışacaq və beynəlxalq təşkilatlara car çəkəcəklər ki, görüsünüzmü, Azərbaycanda insanların sərbəst toplaşmasına icazə verilmir. Görünür, bütün bunlar qabaqcadan ermənipərəst və antiazərbaycan qüvvələrlə birlikdə hazırlanmış  plandır. 
Azərbaycanın son illərdə qazandığı möhtəşəm uğurlar ermənipərəst qüvvələrlə yanaşı “sapı özümüzdən olan baltalar” üçün də ciddi zərbə oldu. Əlləri hər yerdən üzülən Əli Kərimli və tərəfdarları son ümid yerini ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhddə görürlər. Lakin  onların bu mənhus niyyəti bu dəfə də baş tutmadı. Heç gələn dəfə də baş tutmayacaq.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

20 Noyabr 2018 01:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin