Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcrübəli jurnalist, yurdsevər ziyalı, xeyirxah insan

Təcrübəli jurnalist, yurdsevər ziyalı, xeyirxah insan

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi ölkənin media ictimaiyyəti təmsilçilərinin və ziyalıların iştirakı ilə növbəti  jubiley tədbirində tanınmış jurnalist-naşir Hacı Mehman Fərzullayevi 70 yaşının tamam olması münasibətilə təbrik etdi. Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə yubilyarın milli jurnalistikamızın inkişafındakı xidmətlərindən geniş söhbət açıldı, nəcib insani keyfiyyətləri qeyd edildi.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqı Komitəsinin sədri Müşfiq Ələsgərli Hacı Mehmanın jurnalistikanın müxtəlif sahələrində keçən yarım əsrlik fəaliyyətini fədakar və məhsuldar yaradıcılıq nümunəsi kimi səciyyləndirdi, həmkarımızı AMŞ rəhbərliyi adından səmimi təbrik etdi və qurumun fəxri plaketini yubiliyara təqdim etdi.
Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bugünlərdə 70 yaşı tamam olan həmkarımızın ömür yolu və jurnalist-naşir fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, Mehman Fərzullayev media sahəsində çoxillik fəaliyyətinə Bakı Dövlət Unuversitetinin jurnalistika fakultəsində təhsil aldığı illərdə başlamış, müxtəlif poliqrafiya müəssisələrində və redaksiyalarda təcrübə topladıqdan sonra “İşıq” nəşriyyatında, nüfuzlu “Kommunist” qəzetində, Dövlətnəşrkomda, Ədliyyə Nazirliyinin redaksiya-nəşriyyat bölməsində məsul vəzifələrdə çalışmışdır. Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Azərbaycanın haqq səsini dünyaya yaymaq üçün Moskvada buraxılan “Panorama Azerbaydjana” qəzetinin nəşrində və müstəqilliyin ilk dövründə milli hərbi nəşriyyatın yaradılmasında göstərdiyi təşəbbüskarlıq və çevik təşkilatçılıq qabiliyyəti də Mehman Fərzullayevin bioqrafiyasının diqqətçəkən səhifələridir. 
Həmkarımız sonrakı illərdə də yaradıcılıq fəaliyyətini davam etdirmiş, çoxsaylı dəyərli nəşrlərin hazırlanmasında iştirak etmişdir. Ölkənin ictimai-mədəni həyatında da yaxından iştirak edən Hacı Mehman milli jurnalistikamızın ənənələrinin yaşadılmasına öz töhfəsini verir, bilik və təcrübəsini gənc yazarlara həvəslə öyrədir. Bütün bunlar ona layiqli nüfuz və ağsaqqal mötəbərliyi qazandırmışdır.
Yubiley məclisində tanınmış  şair Vahid Əziz, Əməkdar jurnalist Əhməd İsayev, poliqrafçı alim Şəddat Cəfərov, general Çingiz Məmmədov, jurnalistin qələm dostları Yaşar Rzayev, Zümrüd Baloğlanova, Akif Cabbarlı və digər çıxış edənlər Hacı Mehmanın jurnalistikamızın müxtəlif sahələrində səmərəli fəaliyyəti ilə bağlı ürək sözlərini söylədilər, onun yaradıcılıq və təşkilatçılıq fəaliyyətinin həmişə yüksək ideallara, dəyərli əməllərə bağlı olunduğunu və təqdir edildiyini vurğuladılar. Məclisdə ömrünün müdriklik çağını yaşayan jurnalistin yurdsevər ziyalı, sədaqətli dost, xeyirxah insan kimi nəcib keyfiyyətləri də yada salındı, bütün bunların kamillik nümunəsi kimi yeni nəsillərə örnək olduğu qeyd edildi. Məclisə toplaşanlar yetkin qələm və iman sahibinə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda Hacı Mehman Fərzullayev onun jurnalist-naşir kimi püxtələşməsində zəhməti olmuş müəllimlərini və arzu-istəklərinin gerçəkləşməsinə yol açmış xeyirxahlarını böyük ehtiramla yad etdi, xoş sözlərə görə minnətdarlığını bildirdi. Yubiliyar bildirdi ki, bundan sonra da qələmini milli-mənəvi dəyərlərimizin yaşadılması və zənginləşdirilməsi işinə sərf edəcək, bilik və bacarığını insanlara gərək olmaqdan əsirgəməyəcək.

 

Tahir AYDINOĞLU,
Rafiq SALMANOV (foto), 
“Xalq qəzeti”

 

20 Noyabr 2018 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin