Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaratdığı obrazlarla qəlblərdə yaşayan sənətkar

Xalq artisti Həsən Turabovun 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir

Yaratdığı obrazlarla qəlblərdə yaşayan sənətkar

 Görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Turabovun anadan olmasından 80 il ötür. Ölkəmizin teatr və kino salnaməsində silinməz izlər qoymuş Həsən Turabov səhnədə və ekranda həyat verdiyi obrazlarla sənətsevərlərin qəlbində özünə əbədi yer qazanıb.
Bunu sənətkarın  yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən təntənəli tədbirdə də aydın hiss etmək olurdu.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Həsən ­Turabovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldular.
Yubiley gecəsində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Mərasimdə çıxış edən Vaqif Əliyev yubiley tədbirinin Prezident İlham Əliyevin sərəncamına əsasən təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, mərhum sənətkarın 80 illiyi münasibətilə ölkəmizin  mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınır. İştirakçısı olduğumuz bu xatirə gecəsi də həmin tədbirlərin davamıdır.
1987-2001-ci illərdə H.Turabov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işlədiyi dövrdə burada neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdu. Gənc aktyorların sənətdə özünü təsdiq etməsi üçün münbit şərait yaradan sənətkar onlara daim diqqət və qayğı ilə yanaşırdı.
Həsən Turabov ­1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdu. Bu yaradıcı qurumun rəhbəri kimi o, mədəniyyət tariximizdə, teatr sənətimizdə böyük izlər qoymuş sənətkarların irsinin yaşadılmasına xüsusi diqqət yetirirdi. Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən teatr festivalları, müxtəlif tədbirlər, yaradıcılıq gecələri o dövrün mədəni həyatına rəng qatırdı.
 Nazirin birinci müavini ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından da danışdı. Bildirdi ki, Azərbaycan incəsənətinə mühüm töhfələr vermiş Həsən Turabov da ulu öndər Heydər Əliyevin mədəniyyətə qayğısının bəhrəsini görən, yüksək dövlət təltifləri ilə mükafatlandırılan sənətkarlarımızdan biridir. O, 1971-ci ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1998-ci ildə, anadan olmasının 60 illiyi münasibətilə Prezident Heydər Əliyevin fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Yubiley gecəsində sənətkarın rol aldığı tamaşalardan səhnələr, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

20 Noyabr 2018 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin