Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Lənkəran bir mayakdır Xəzərin sahilində”

“Lənkəran bir mayakdır Xəzərin sahilində”

...Əsrarəngiz gözəllikləri ilə göz oxşayan Lənkəran əsl festival rənglərinə bürünmüşdü. Şəhərdə böyük qələbəlik vardı. Keçən il olduğu kimi, yenə də burada ənənəvi “Çay, çəltik və sitrus festivalı” keçirilirdi. Heydər Əliyev xatirə parkında yaraşıqlı pavilyonlar qurulmuş, Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlər düzülmüşdü. Əsl məhsul bolluğu bayramı idi. Hər şeydən görünürdü ki, Lənkəran özünün gözəl vaxtını, mübarək çağını yaşayır.
 Bəzəkli vitrinlərdə bərəkətli cənub torpağının istehsalı olan çay, çəltik, sitrus, digər çeşidli ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri sərgilənirdi. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün meyli-məzəli, şirnili-çərəzli çay dəstgahı yaradılmışdı. Qonaqlara ətri ətrafa yayılan yerli düyü sortlarından bişirilən 50 növ plov, Lənkəran mətbəxinin məşhur ləvəngisi, digər xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunurdu. Hər kəs deyib-gülür, şadlanır, Azərbaycan torpağının yetirdiyi nemətlərin yüksək səviyyəli təqdimatına əhsən deyirdi. Lənkəranlılar da, çoxsaylı qonaqlar da dövlət müstəqilliyimizin aşkar nailiyyətlərinə yetərincə sevinirdilər.
Festival çox uğurlu alındı. Gün boyu bədii özfəaliyyət kollektivləri rəngarəng müsiqi nömrələri ifa elədilər, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar təqdim olundu. Axşam saatlarında festival Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının bayram konserti və atəşfəşanlıqla yekunlaşdı. Qonaqların darıxmağa bir dəqiqə belə vaxtı qalmadı. 
Lənkəranı həmişə belə görmüşük, belə də sevmişik. Bu şəhər qocaman Xəzərin sahilində mayak kimi daim beləcə işıq saçır. Payızın yağışı-yağmuru da kimsəni zərrəcə narahat eləmir. Çünki bu abad, səliqə-sahmanlı diyarı yağışlar yuyub daha da cilvələndirir, gözəlləşdirir. Təəssübkeş lənkəranlıların da bir əli elə hey doğma şəhərin üstündədir. Şəhərin təbəssümü sayılan parklarda küləyin xışıltısı, güllərin işıltısı, yaradıb-quran əllərin sığalı ilə daşların “gül açması”, yağışda çimən ağacların mirvari sırğaları Lənkəran adlı tabloya əlvan çalarlar qatır. 
Yeri gəlmişkən, bu il Lənkəranda həm də özünəməxsus bir yubiley ilidir. Düz 185 il əvvəl - 1833-cü ildə burada şəhərsalmanın təməli qoyulub, Lənkəran qalası istehkamlarının baş planı tərtib və təsdiq olunub. Şəhərsalmanın ilkin mərhələsində planlaşdırmanın əsas elementi kimi məscid və 117 dükanlı iki bazar götürülüb. XIX əsrin sonunda isə şəhər artıq 4 hissəyə bölünmüşdü. Bunlar Qala, Böyük Bazar, Kiçik Bazar, Sütəmurdov səmtləri idi. Şəhərin mərkəzi hissəsinə – tarixi qala ərazisinə lənkəranlılar elə indi də Qala deyirlər. Dəniz sahili boyunca ərazi Sütəmurdov adlanır. O vaxtlar burada əsasən gəlmələr, vəzifəli ruslar və türklər yaşayırdı. Lənkəran XX əsrin əvvəllərində Şuşa, Şəki, Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığına görə seçilirdi. Memarlıq baxımından çox sayda orijinal evlər hələ də qalır... 
Lənkəranın hazırkı rəhbərliyi şəhərin abadlığını gündəlik nəzarətində saxlayır, həm klassik üslubun qorunmasını təmin edir, həm də modern memarlığın yaradılmasına rəvac verir. Camaat da, öz növbəsində, şəhərin gözəlliklərinə rəng qatmağa çalışır. Taleh Qaraşov Lənkərana icra başçısı təyin olunan vaxtdan ötən altı ildə bu cənub diyarı daha da müasirləşib, zəruri infrastrukturu formalaşıb, yeni-yeni tikililər şəhəri daha da gözəgəlimli edib. 
 Taleh müəllim hər zaman Lənkərana dövlət qayğısının fərəhli nəticələrindən həvəslə söz açır. Prezident İlham Əliyevin davamlı diqqəti sayəsində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərini, rayonun iqtisadi potensialını durmadan artıran irihəcmli layihələri xatırladır. Bu dəfə isə o, daha böyük iftixar hissilə bildirdi ki, dövlətimizin başçısı ötən ay prezidentliyi dövründə 12-ci dəfə olmaqla Lənkərana tarixi səfər edib və indi burada hər kəs həmin səfərin xoş təəssüratlarını yaşayır. Azərbaycan rəhbərinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə məhz oktyabrın 15-də - ilk dəfə Prezident seçilməsinin 15-ci ildönümü günündə Lənkərana səfərə gələrək Olimpiya İdman Kompleksinin, Xalça emalatxanasının, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun açılışında iştirak etməsi, Lənkəran İstisu Sağlamlıq Mərkəzinə baxış keçirməsi, rayon ictimaiyyətinin nümayəndələri və əmək kollektivləri ilə iş başında səmimi, hərarətli görüşləri hər bir lənkəranlı üçün olduqca əlamətdar hadisədir. 
 Prezident İlham Əliyev Lənkəranda keçirdiyi görüşlər zamanı son 15 il ərzində rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri xatırlamış, açılışında iştirak etdiyi, baxış keçirdiyi yeni Qida Təhlükəsizliyi Agentliyinin Regional Sınaq laboratoriyasının, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Lənkəran–2 Elektrik Yarımstansiyasının rayonun sürətlə artan iqtisadi potensialına növbəti töhfələr olduğunu qeyd etmişdir. Prezident gələn ilin əvvəlində yeni Dövlət Proqramının qəbul ediləcəyini, həmin proqrama əsasən Lənkəranda da yeni infrastruktur və sosial layihələrin icra olunacağını, rayonun inkişafının daha da sürətlənəcəyini diqqətə çatdırmışdır. Səfərdən dərhal sonra cənab İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri, 432 şagird yerlik Şıxəkəran kənd orta məktəbi üçün yeni binanın inşası və Lənkəran-Lerik yolunun əsaslı təmiri barədə sərəncamlar imzalamışdır. 
Gözəl diyarın sosial-iqtisadi inkişafı beləcə, sürətlə davam edir. Bu ilin əvvəlindən rayonda ümumi məhsul buraxılışı 9,6 faiz artaraq 326,7 milyon manat təşkil edib, sənayedə 28,4 milyon manatlıq məhsul istehsal olunub, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 11,8 faiz arıb. Kənd təsərrüfatında da işlər sürətlənib, məhsul istehsalı genişlənib, yeni çay, çəltik və sitrus plantasiyaları salınıb ki, bu da aqrar sahəyə göstərilən qayğının və tətbiq olunan güzəştlərin fərəhli nəticələrindəndir. 
Lənkəranda işlər bir gün belə səngimir. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, barılar suvaqlanıb, səki daşları və hasarlar qaydaya salınıb. Park və bağlarda 27 min ədəd dekorativ ağac və gül kolları əkilib. Şəhərdaxili küçələrə ümumilikdə 4 min 500 metr uzunluğunda, 22 min 500 kvadratmetrlik yola asfalt döşənib. Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının dağıtdığı körpü yenidən tikilib. Sahibkarlığın inkişafı hesabına 9 ay ərzində rayon sənayesində istehsalın həcminin 71,1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 75,4 faizi özəl bölmənin payına düşüb.
Yeni istifadəyə verilmiş Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) media üçün maraqlı təqdimat keçirilib. Bildiyimiz kimi, Prezident İlham Əliyevin 31 iyul tarixli Fərmanı ilə kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb. Bundan məqsəd müvafiq nazirliyin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. 
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət üzrə ümumilikdə 68 növ xidmət göstərilir. Əməkdaşların sayı 58 nəfərdir. Mərkəzin inzibati binasının 1464 kvadratmetr sahəsi var, bundan başqa, 240 kvadratmetr ərazidə yardımçı tikililər yerləşir. DAİM-də fəaliyyət göstərən Lənkəran Regional Aqrokimya Laboratoriyası əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma aparılır. 
DAİM-lərin yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, mərkəzlərin nəzdində fermer və koordinasiya şuraları da yaradılacaq. 
Prezident İlham Əliyevin səfəri çərçivəsində istifadəyə verilən Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyası səkkiz şöbədən ibarətdir. Gün ərzində 300 sınaq aparmaq imkanına malik olan laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, ­insinerator, soyuducu kamera və ­vivarium kimi yardımçı tikililəri var. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən, bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir. Ayrı-ayrı şöbələrdə zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb.
Vaxtilə naməlum bir romalı alim deyib ki, qədim Azərbaycan xalçasının bir parçası tərəziyə qoyulsa, o, bütün italyan intibahından ağır gələr. Tarixin müəyyən dövrlərində Lənkəranda da xalçaçılıq geniş yayılıb. Burada dövlət başçısının xeyir-duası ilə “Azərxalça” ASC-nin filialının istifadəyə verilməsi ənənə bərpası baxımından önəmlidir. Lənkəranın palaz və vərni (qayıqlı kilim) istehsalı mərkəzi kimi tanınması, Səfəvilər dövründə burada xalçaçılığın inkişaf etməsi, məşhur “Bəhmənli” xalçalarının toxunması tarixi faktlardandır. Digər nəfis Qafqaz xalçalarının da bəzi növləri bu ərazidə araya-ərsəyə gətirilib, Lənkəran xalçalarında qutu-gül haşiyələrinin, əjdaha formalarının həndəsi abstraksiyasının olması səciyyəvi cəhət sayılıb. 
Dövlət başçısının Lənkəranda xalça emalatxanası üçün 2018-ci ilin dövlət büdcəsindən vəsait ayrılması barədə sərəncamına əsasən tikilib istifadəyə verilən filialın ümumi sahəsi 1249 kvadratmetrdir. İş üçün hər cür şərait yaradılıb. Burada Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləri olan 150 toxucu və 14 inzibati-təsərrüfat işçisi çalışacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgah var. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal çeşnilərə üstünlük veriləcək. Burada “Azərxalça” ASC-nin xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək. Qədim el sənəti yaşayacaq.
Lənkəran özünün qaynar mədəni həyatı ilə də seçilir. İyun ayında burada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı düzənlənib. Heydər Əliyev xatirə parkında keçirilən tədbirdə 15 regional mədəniyyət idarəsi təmsil olunub, o cümlədən Lənkəran Ragional Mədəniyyət İdarəsi rayonun mədəni irsini əks etdirən xalq sənətkarlığı və folklor nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərini nümayiş etdirib. 
Turizm məkanı kimi də tanınan Lənkərana bu il 20 min nəfərdən artıq turist gəlib və onların 15 faizini xarici vətəndaşlar təşkil edib. Mənalı istirahət, mədəni tədbirlər, səviyyəli xidmət, bölgənin görməli yerlərinə ekskursiyalar, misilsiz təamlar, dəniz qonaqların qəlbində silinməz izlər buraxıb.
Lənkəranın örnək kimi yayılmağa layiq ənənələrindən biri də müntəzəm olaraq yerlərdə səyyar qəbul və görüşlərin keçirilməsidir. İcra başçısı Taleh Qaraşov həftədə bir dəfə bu və digər yaşayış məntəqəsində sakinlərlə görüşüb onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir. Oktyabrın əvvəlindən bəri onun Rvo, Aşağı Nüvədi, Şovu, Boladi, İstisu və Tuədoda yaddaqalan görüşləri olub. Bu yaxınlarda Haftoni qəsəbəsində 612 ailənin evinə təbii qaz çəkilişinin tamamlanması və digər bu kimi faktlar məhz səyyar görüşlərdə səslənmiş arzuların bir-bir gerçəkləşdiyini göstərir. 
İndi Lənkəranın xoş soraqları uzaq Amerikadan da gəlir. ­ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası fəaliyyət göstərir. Bu təşkilatın icraçı direktoru Nensi Selfric oktyabrda Lənkərana səfərə gəlib. İcra başçısı ilə görüş zamanı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərinin inkişafından razılıq ifadə olunub. Son illər rayonda mədəni quruculuq və turizm sahələrində böyük uğurlar qazanıldığı, aqrar sahənin inkişaf etdiyi qonağın diqqətinə çatdırılıb. Kaliforniyalı müsafir xanım Lənkərana növbəti səfərindən məmnun qaldığını, şəhərdə baş verən keyfiyyət dəyişikliklərinin onda xoş təəssürat oyatdığını bildirib. İki şəhərin əməkdaşlığının perspektivləri müəyyənləşdirilib. Sonra qonaq Mədəniyyət Mərkəzində “Nənələr” folklor ansanblının, “Çayçı qızlar” rəqs qrupunun, muğam üçlüyünün çıxışlarını seyr edib. 
İndi Lənkəran hava limanından Moskvaya təyyarə reysləri işləyir. Xarici ölkələrin səfirləri bu şəhərə böyük maraq göstərir, tez-tez buraya tanışlıq səfərləri edirlər. Gözəl cənub şəhəri, demək olar ki, artıq dünya orbitinə çıxır. Bu isə hər bir lənkəranlını sevindirir. 

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

20 Noyabr 2018 01:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin