Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finala bərabər oyun

Finala bərabər oyun

Bu gün milli futbol komandamız tarixi bir oyunda meydana çıxacaq. Kosovonun Priştina şəhərində bu ölkənin komandası ilə görüş hər iki tərəf üçün həlledici əhəmiyyətə malikdir. UEFA Avropa Liqası turnirinin “D” divizionunun 3-cü qrupundan yarımfinalın iştirakçısı məhz bu axşam müəyyənləşəcək.
Rəqiblər matça yaxşı əhval-ruhiyyə ilə başlayacaqlar. Üç gün əvvəl Qurban Qurbanovun komandası Bakı Olimpiya Stadionunda pərəstişkarlarını Farer adalarından gələn qonaqları üzərində nisbətən asan qələbə ilə sevindirmiş – 2:0, kosovolular isə səfərdə Maltanı ağır məğlubiyyətə uğratmışlar – 5:0.
Bugünkü oyun ərəfəsində turnir cədvəlinin ən yüksək pilləsində olan Kosovonun 11 xalı var, qrupun liderinin ən yaxın izləyicisi Azərbaycan millisi 9 xal toplamışdır. Bu isə o deməkdir ki, “doğma divarlar” arasında oynayacaq Kosovo üçün heç-heçə də qələbəyə bərabər olar.
Əlbəttə ki, finişin astanasında turnir cədvəlində yaranmış vəziyyət Azərbaycan futbolçularını zərrə qədər də qorxuda bilməz. Əksinə, onlar Kosovoya mübariz əhval-ruhiyyə, əsl qələbə əzmi ilə yola düşmüşlər və nəyə qadir olduqlarını məhz bu axşam tam şəkildə göstərməyə, öz karyeralarında ən böyük qələbəyə sevinməyə çalışacaqlar. Buna bizim şübhəmiz yoxdur.
Noyabrın 8-də “Qarabağ”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin 5-ci turunda Poltavada Ukraynanın “Vorskla” klubu üzərində qələbəsindən sonra həm Avroliqadakı təmsilçimizin, həm də əsasını bu klubun oyunçularının təşkil etdiyi milli komandamızın sıralarında nikbin əhval-ruhiyyə hökm sürür. Bu, rəqib meydanında çətin oyun ərəfəsində yaxşı əlamətdir.
Beləliklə, top meydanın mərkəzindədir. Priştinada Kosovo – Azərbaycan görüşünün başlanmasına çox az qalır. Fransalı hakim Benua Millotun işarəsi ilə oyunda topa ilk zərbə Bakı vaxtı ilə saat 23:45-də endiriləcək.
Millimiz finala bərabər oyunda meydan sahiblərinə layiqli müqavimət göstərməyə hazırdır.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

20 Noyabr 2018 01:00 - İDMAN
İDMAN
18 May 2019 | 22:28
Errera PSJ-yə keçir

Köhnə versiyamızdan xəbərləri izlə