Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun ilahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib

 Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun ilahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilən görüşü əlamətdar hadisə adlandırıb. Onları bir arada görməkdən məmnunluğunu ifadə edən rektor vaxtilə ilahiyyat fakültəsində təhsil alan gənclərin hazırda dövlət qurumlarında, ­qeyri-hökümət təşkilatlarında və özəl şirkətlərdə peşəkar kadr kimi müxtəlif vəzifələrdə çalışdığını bildirib. Bu barədə institutdan məlumat verilib.

Aİİ rəhbəri ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və bərpa olunduğunu, yeni dini təhsil müəssisələrinin yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə məqsədyönlü  işlər gördüyünü  və uğurlu layihələrə imza atdığını diqqətə çatdırıb.

C.Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq sərəncama əsasən, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb.

C.Məmmədov ilahiyat fakültəsinin məzunlarının gələcəkdə İnstitut həyatında yaxından iştirak edərək, bu ali təhsil ocağında keçirilən layihələrə dəstək olacaqlarına, həmçinin tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçmələri və işlə təmin olunmaları üçün mümkün şərait yaradacaqlarına ümidvarlığını ifadə edib.

İlahiyyat fakültəsinin 2004-cü il məzunu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov belə görüşlərin hər il təşkil olunmasının vacibliyini qeyd edərək, hər bir məzunun Aİİ-yə dəstək olmağa hazır olduğunu vurğulayıb.

“Yeni Çağ”  Media Qrupunun rəhbəri Aqil Ələsgər dini radikalizmə qarşı mübarizədə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində ilahiyyatçıların danılmaz  rolunu qeyd edərək, Aİİ-nin maarifləndirmə işinin təşkilində  mühüm  işlərə imza atacağına ümidvar olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

 

“Xalq qəzeti”

19 Noyabr 2018 18:59 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin