Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” İstehsalat Birliyində mətbuat konfransı keçirilmişdir

“Azəriqaz” İstehsalat Birliyində mətbuat konfransı keçirilmişdir

“Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız–qış mövsümünə hazırlıqla bağlı mətbuat konfransı keçirilmişdir. Tədbirdə SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov, Qaz İxrac İdarəsinin rəisi Qağəməli Seyfullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Birlik rəhbərliyinin nümayəndələri iştirak  etmişlər.

Tədbirdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülmüş işlər qənaətbəxş qiymətləndirmişdir. Qazlaşma proqramına əsasən, 2018-ci il ərzində respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir.

Qeyd olunmuşdur ki, yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində  şəbəkənin qurulması “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmışdır. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51 406,8 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 9 310,3 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1514 yaşayış məntəqəsinə təbii qaz verilmişdir.

Tədbirdə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verilərək, qeyd edilmişdir ki, cari ilin 10 ayı ərzində respubliika üzrə “ASAN Xidmət” mərkəzlərinə daxil olmuş 199 680 müraciətin icrası tam təmin edilmişdir.                                                                   

Qeyd edək ki, “ Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın təchizat nöqtələrindən qəbul edilməsi, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin maddi- texniki bazasında yaradılmışdır.  

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:34 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə