Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb

Mədəniyyət naziri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb

Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və Azərbaycan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər 1949  – 1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Xatirə lövhəsinin açılışı 2013-cü il dekabrın 12-də keçirilib.

Sonra nazir Tavriçeski sarayına gələrək MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb.

Yuri Osipov naziri səmimi salamlayaraq bildirib ki, Parlamentlərarası Assambleya Sankt-Peterburqda yerləşən yeganə beynəlxalq təşkilatdır. Assambleya tarixi binada yerləşir. Tavriçeski sarayı ötən əsrin əvvəlində Rusiya İmperiyasının ilk Dövlət Dumasının binası olub.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə, bu sahədə təcrübə mübadiləsində, xüsusilə,  maraqlı olduğumuzu diqqətə çatdırıb. Müasir kitabxana, mədəniyyət evləri, klublar, digər mədəniyyət obyektlərinin fəaliyyəti ilə  bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğunu  deyən nazir 2019-cu ilin MDB-də “Kitab ili” elan olunmasının əhəmiyyətini  vurğulayıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif edilib.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil edilib.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda Rusiya Dövlət Ermitajını da ziyarət edib, dünyaca məşhur muzeyin bir sıra ekspozisiya zalları ilə tanış olub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov naziri müşayiət edib.

 

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

19 Noyabr 2018 12:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin