Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də mətbuat konfransı keçirilib

ƏƏSMN-də mətbuat konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək, məşğulluq, sosial müdafiə sahəsində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirilib. Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işləri barədə məlumat verən nazir cari ilin avqust ayında daha 35 mənzilin bu təbəqədən olanlara verildiyini deyib. O bu işlərin davamı kimi ilin sonuna qədər 550-dək mənzilin də təqdim olunmasının, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli sərəncamına əsasən DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması üçün əlavə olaraq  3,5 milyon manat vəsait ayrılması əhaliyə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf, vətəndaş məmnunluğuna səbəb ola biləcək səviyyədə təqdim olunmasının dövlət başçısının diqqətində olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin reallaşdırılması üçün normativ-hüquqi aktların layihələri, müvafiq təkliflər, fəaliyyətin təşkili mexanizmləri və s. hazırlanıb. Hazırda ilk “DOST” mərkəzinin istifadəyə verilməsi üçün işlər aparılır.

Özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verən nazir qeyd edib ki, bu il həmin proqrama cəlb olunanlardan 1757 nəfərini əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələri təşkil edib. Proqram çərçivəsində artıq respublika üzrə 1273 işsiz və işaxtaran şəxsə mal və materiallar verilib. Bu proses ölkəmizin bütün bölgələrində davam etdirilir. İşsiz və işaxtaran şəxslər verilmiş aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıblar və öz təsərrüfatlarını genişləndirməyə çalışırlar.

S.Babayev bildirib ki, Prezident cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli  Fərmanının icrası istiqamətində də müvafiq işlər aparılmaqla, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılıb. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə yaradılmış "e-sosial" internet portalının da yaxın günlərdə təqdimatı olacaq. Məşğulluq altsisteminin yaradılması işləri isə növbəti ilin əvvəllərində yekunlaşacaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2018 11:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin