Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

S.Babayev: 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var

S.Babayev: 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirib.

Nazir bildirib ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub. Şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib.

S. Babayev qeyd edib ki, vərəsələrin sənədlərinə baxılaraq onlardan artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Gələn həftə daha 300 şəhid vərəsəsinə ödəniş ediləcək. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsəyə də ödənişlər verilib.

Nazir diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

O bildirib ki, illər öncə şəhid hərbi qulluqçulara görə şığorta ödənişi ilə təmin edildiklərinə görə yenidən birdəfəlik ödəmə almaq hüququna malik olmayanlardan kiçik bir qrupu da var və həmin insanlar indiyədək heç zaman sığorta ödənişi almadıqları iddiası ilə narazılıq bildirirlər. Onlar nazirlikdə rəhbər vəzifəli şəxslər tərəfindən qəbul olunublar və onlara vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunmaqla, ətraflı izahat işi aparılıb.

Tədbirin sonunda S.Babayev nazilriyin digər fəaliyyət sahələrində görülən işlər və aparılan islahatlar barədə də ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 

19 Noyabr 2018 11:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə