Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional inkişaf strategiyası Azərbaycanın tərəqqisinə etibarlı təminatdır

Regional inkişaf strategiyası Azərbaycanın tərəqqisinə etibarlı təminatdır

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Bölgələrin tərəqqisi dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Cənab Prezidentin noyabrın 5-də Ağdam rayonuna, noyabrın 16-da isə Sumqayıta səfəri də bu faktı təsdiqləyir. 
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, regionlarımızın da hərtərəfli inkişafına nail olmaqdır. Artıq bu istiqamətdə mühüm nəticələr əldə edilir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında mühüm rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda bu proses uğurla davam etməkdədir.
Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının istifadəyə verilməsi də respublikada sosial sahəyə xüsusi diqqət yetirilməsinin parlaq nümunəsidir.   
Yeri gəlmişkən, dahi öndərimizin artıq aforizmə çevrilən “Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözləri, əhatə dairəsindən asılı olmayaraq, bütün yolların əhəmiyyətini tam mənası ilə ifadə edir. Həqiqətən də istənilən yaşayış, istirahət mərkəzinə yaxınlaşarkən oraya aparan yolların səviyyəsi ilkin təəssürat formalaşdıran ən mühüm göstəricilərdən biridir. Bu mənada, yolların yenidən qurulması müasir dövrdə istər regional inkişaf, istərsə də turizmin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı mühüm işlər görülür. Dövlətimizin başçısı çıxışlarında bu məsələyə dəfələrlə toxunub və yararsız halda olan yolların yenidən qurulacağını bildirib. Bununla bağlı çoxsaylı sərəncamlar da imzalayıb. Görülən işlər isə turizmin, aqrar sektorun inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin prioritetini isə sosial istiqamət təşkil edir. Qazlaşdırma, su layihələri, yolların tikintisi də bunun bariz nümunəsidir.
Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu ilə bağlı isə onu deyə bilərik ki, bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən inşa edilib. Yol 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir.  
Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafını  dövlətimiz daim diqqət mərkəzində saxlayır.  
Uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu isə 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.
Dövlətimizin başçısına səfər zamanı Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib. Bildirilib ki, respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.
Yeri gəlmişkən, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına müsbət təsir edəcək.  
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri isə son illərdə  respublikamızın sənaye sektorunda  görülən genişmiqyaslı  işlərin nümayişinə çevrildi. Xatırladaq ki, səfər çərçivəsində dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verilib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan Prezidentinin iştirakı ilə təməli qoyulan  Sumqayıt Kimya Sənaye Parkında ötən müddətdə intensiv tikinti-quraşdırma işləri aparılıb, köhnə bina və qurğular sökülüb, müvafiq infrastruktur yaradılıb.
2016-cı ilin martında rezident kimi qeydiyyata alınan inşaat kimyəviləri zavodu İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən “Sikament 300”, “Sikament FF5” və “Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təqribən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz etməyə imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.
Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində açılış mərasimi keçirilən “Baku Steel Company” zavodunda isə  maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olarkən burada  tütün məmulatları istehsalı fabrikinin açılışında da iştirak edib. Dövlətimizin başçısına müəssisə haqqında məlumat verilərək, bildirilib ki,  fabrik ötən il parkda rezident kimi qeydiyyata alınıb. Burada 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal ediləcək. Fabrik məhsullarını “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim edəcək. 
Fabrik beynəlxalq standartlara uyğun istehsal olunacaq məhsullarını müxtəlif formatlarda və qiymət seqmentlərində istehlakçılara təqdim edəcək. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun olaraq aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı Sumqayıta səfəri zamanı  dəmir yolu vağzalı kompleksinin açılışında da iştirak edib. Ölkə Prezidentinə məlumat verilib ki,  yenidən inşa olunan üçmərtəbəli vağzal binasının ümumi sahəsi 5,5 min kvadratmetrdir. Stansiyada, ümumilikdə, 7 yol yenidən qurulub və çəkilmiş ümumi dəmir yollarının uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yoldəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. Vağzal kompleksinin ətrafında yaşıllıq və abadlıq işləri görülüb. Ərazi boyunca müasir işıqlandırma sistemi quraşdırılıb.
Vağzalın belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin uğurla davam etməsinin daha bir nümunəsi olmaqla ölkənin polad magistrallarının inkişafına göstərilən dövlət qayğısının davamlı xarakter aldığını nümayiş etdirir.
Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, ölkə  Prezidenti  İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Bütün bunlar isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 

 

17 Noyabr 2018 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin