Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi

Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi

Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub. 
Əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib. 
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək dünyanın ən güclü gimnastlarının qədim və gözəl Bakıda mübarizəyə qoşulmalarından məmnunluğunu bildirib. Bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan nazir müavini qeyd edib ki, respublikamız hər bir tədbiri, o cümlədən mötəbər idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir. İ.İsmayılov bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə keçirilən ilk Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də Ümumdünya Şahmat Olimpiadasını, Formula 1 yarışlarını, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarını və digər beynəlxalq turnirləri qeyd edib. Diqqətə çatdırılıb ki, Bakı, həmçinin 2019-cu ildə Avropa Gənclərinin Yay Olimpiya Festivalına və futbol üzrə Avropa çempionatının final matçına ev sahibliyi edəcək. 
“Hazırda müasir, dünyəvi, sabit və demokratik ölkə olan Azərbaycanda insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb. Təbii ki, bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticədir. Ulu öndərin siyasətini davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə respublikamızın regionlarında 50-yə yaxın Olimpiya İdman kompleksinin, möhtəşəm idman qurğularının istifadəyə verilməsi, idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ SSRİ dövründə Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün çempionlarımızın sayı hədsiz dərəcədə yüksəlib”, – deyə İ.İsmayılov bildirib.  

Əksər idman növləri ilə bərabər, Azərbaycanda gimnastikanın da sürətlə inkişaf etdiyini bildirən natiq xüsusilə 2002-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaradıldığını vurğulayaraq deyib: “Bu gün gimnastlarımız dünya və Avropa çempionatlarında, Dünya Kuboku və Qran-pri yarışlarında artıq dünyanın ən öndə gedən gimnastlarının əsas rəqiblərinə çevriliblər. Bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildirir, bir daha bütün idman ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, bütün iştirakçılara uğurlar və azarkeşlərin zövqünü oxşayacaq çıxışlar nümayiş etdirməyi arzulayıram”.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış mərasiminə gimnastika üzrə milli komandalarımızın üzvlərinin iştirakı ilə “Ölkəmizin rəqsləri” adlı bədii hissə ilə yekun vurulub.
Qeyd edək ki, iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar kişi və qadın cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qruplarının tərkibində mübarizə aparacaqlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak edirlər.
Azərbaycanı kubok yarışlarında sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı, Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov ən yaxşı yerlər uğrunda mübarizə aparırlar.
Turnirdə ən yüksək xal toplamış cütlüklərə və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

 

AZƏRTAC

17 Noyabr 2018 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin