Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub

DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar keçirilib. 
Konfransların təşkilində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans noyabrın 17-də Bakıda keçirilib.
Konfransda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul proseslərinin idarə olunmasında iştirakına, bu sahədə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub. 
Məleykə Abbaszadə deyib: “Müxtəlif kütləvilik dərəcəsinə malik və müxtəlif sahələri əhatə edən, məzmun və metodika baxımından rəngarəng imtahanların hazırlanması və idarə olunması müvafiq maddi-texniki baza ilə yanaşı, ciddi insan resurslarının cəlb olunmasını da tələb edir. DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyəti 210 nəfərdən ibarətdir. Təbii ki, qeyd olunan həcmdə tədbirlərin keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac yaranır. 2018-ci ildə DİM-in həyata keçirdiyi imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. İmtahanların təşkili və idarə olunmasına 48 mindən çox əməkdaş, məzmunun formalaşdırılması üçün isə 2 mindən çox mütəxəssis cəlb edilib. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.
Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən aşağıdakı mövzularda təqdimatlar edilib:
– İmtahanların təşkili və idarə olunmasında ictimai iştirakçılıq;
– Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri: əlçatanlıq, çeviklik və şəffaflıq;
– Azərbaycan Respublikasında ümumi təhsil (9-cu sinif) səviyyəsi üzrə buraxılış imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası: şəffaflıq, obyektivlik və ictimaiyyətin rolu;
– ali təhsilin müxtəlif səviyyələrinə qəbul imtahanlarının məzmununun hazırlanması və bu işdə ictimaiyyətin iştirakı;
– Dövlət İmtahan Mərkəzinin məlumat bazalarının formalaşmasında ictimai iştirak;
– ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materialların, imtahanlara hazırlaşanlar üçün müxtəlif yönümlü vəsaitlərin hazırlanmasında ictimaiyyətin rolu;
– dövlət qulluğu sahəsində Dövlət İmtahan Mərkəzinin fəaliyyəti.
Çıxışlarda mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılma texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, dərsliklərin monitorinqi, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.
Tədbirin sonunda mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş imtahan rəhbəri, nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.
Konfransda ali təhsil müəssisələrinin rektorları, müxtəlif dövlət qurumları, təşkilat və səfirliklərin nümayəndələri, təhsil ekspertləri, DİM-in imtahanlarındakı nəzarətçi-müəllimlər, imtahan rəhbərləri, ictimai şura üzvləri, qeyri-hökumət təşkilatları nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

17 Noyabr 2018 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin