Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir

 Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir

Bu il Azərbaycanda ədliyyə sisteminin 100 illiyi qeyd edilir. Böyük fəxrlə deməliyik ki, həm ötən əsrin 70-80-ci illərində, həm də ulu öndərin hakimiyyətə qayıtmasından sonra məhz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində ədliyyə sistemi inkişaf etmişdir. Azərbaycanda cəmiyyət həyatının istənilən sahəsindəki tərəqqiyə nəzər salanda, həmin uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun prinsiplərini görməmək mümkün deyil. İslahatlar aparılaraq müasirləşdirilmiş və dünya təcrübəsi əsasında yenidən qurulmuş ədliyyə sistemi də məhz öz inkişafına Heydər Əliyev siyasi müdrikliyi sayəsində başlamışdır.
Azərbaycan ədliyyəsinin tarixinə nəzər salsaq görərik ki, 1918-ci il mayın 28-də, elan olunduğu gündə Ədliyyə Nazirliyi də təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində – Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ulu öndərin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində baş verən yeniləşmə, inkişaf və tərəqqi ədliyyə sahəsində də özünü göstərmişdir. Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir.
Belə ki, ulu öndərin rəhbərliyi dövründə qəbul edilmiş və Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2006-cı il tarixdə imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanla aparılan islahatlar çərçivəsində nazirliyin funksiya və səlahiyyətləri dəqiq müəyyən edilmiş, onun cəmiyyətdə rolu və əhəmiyyəti daha da artmış, nazirliyin üzərinə məsul vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılmışdır. Bir faktı da qeyd edək ki, dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, yeni dövrün reallıqları ilə əsaslandırılan bir sıra qanunvericilik aktları qəbul olunmuşdur. 
Ölkənin bütün ədliyyə işçiləri məmnundur ki, Prezident İlham Əliyev bölgələrin inkişafı tədbirlərinin davamı kimi 2006-cı il yanvarın 16-da Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzalamışdır. 
Birinci dərəcəli dövlət ədliyyə müşaviri, nazir Fikrət Məmmədovun qeyd etdiyi kimi, regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsi ilə şərtlənən bu fərman dövlət başçısının məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Məhz bu fərman əsasında bölgələrdə yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələr yaradıldı. Qeyd edək ki, həmin fərman işıq üzü görənə qədər respublikamızda yalnız bir Apelyasiya Məhkəməsi fəaliyyət göstərirdi. Apelyasiya şikayətlərinin çoxluğu bir sıra hallarda ədalətli məhkəmə araşdırmasının aparılmasını və iş üzrə yekun qərar vermək imkanlarını da məhdudlaşdırırdı. Regionlarda apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması bu sahədə ciddi dönüş yaratmışdır. 
Ölkədə ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə qısa müddətdə irihəcmli işlər görülüb. 
Dünya təcrübəsində belə bir deyim də var ki, məhkəmələrin müvafiq maddi-texniki bazası, rahat iş otaqları yoxdursa, ən mükəmməl qanunvericilik bazası, müasir texniki vasitələr və peşəkar hakimlər kontingenti olsa belə, səmərəli fəaliyyətdən söhbət gedə bilməz. Məhz bunu nəzərə alan dövlət başçımızın tövsiyəsi ilə ölkədə yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Möhtərəm Prezidentin iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasının açılışı bizim üçün əlamətdar hadisə idi. Önəmli məqamlardan biri də odur ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi respublikamızın müxtəlif bölgələrində də davam etdirilərək, bu il daha iki rayonda – İmişli, Qəbələ və Şəkidə yeni məhkəmə binaları inşa olunaraq istifadəyə verilib.
Yeni məhkəmə binalarında insanlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, məhkəmə proseslərinin şəffaf, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi, habelə vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması məqsədilə hər cür şərait yaradılmışdır. Müasir İKT ilə təchiz edilmiş yeni binalarda elektron məhkəmə sisteminin lazımi komponentləri tətbiq olunur: məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilib, burada elektron “şəxsi kabinet” yaradılıb, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi prosesləri audio-video qeydə alınır, elektron sənəd dövriyyəsi təmin olunur və elektron icranın tətbiqinə başlanılır.
Dövlət başçımızın bu sahəyə diqqətinin miqyasını, ölçüsünü sübut edən daha bir məqamı da yada salaq. Prezident İlham Əliyev ədliyyə və məhkəmə işçiləri ilə keçirdiyi müşavirədə demişdir: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”.
Etiraf etməliyik ki, tarixin bütün dövrlərində Şərq ölkələrində məhkəmələrin və hakimlərin fəaliyyətində şəffaflığın bərqərar edilmədiyi barədə mülahizələr həmişə səsləndirilib. Azərbaycan ilk ölkələrdəndir ki, həmin halların tamamilə aradan qaldırılması üçün lazım olan bütün addımları atır. Məhkəmə sistemində şəffaflığın və ədalətin tam bərqərar olmasının ümumi demokratik inkişafımıza müsbət təsir göstərdiyini qeyd edən Prezident İlham Əliyev demişdir: “Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır... Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.
Təqdir olunmalı haldır ki, ölkədə hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirilən yeni təcrübə - çoxmərhələli seçim proseduru yaradılmışdır ki, bu təcrübənin də tətbiqi nəticəsində hakim korpusu, demək olar ki, təzələnib.
Hakim kadrların seçilməsi məqsədilə ən mütərəqqi və şəffaf qaydalara uyğun olaraq keçirilmiş imtahan şəffaflıq və obyektivliklə müşayiət edilmişdir. Həmin imtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılıb elan edilməsi bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 40-dan çox xarici təşkilat və yerli QHT təmsilçiləri, televiziya və KİV nümayəndələri qarşısında həyata keçirilmişdir.
Bu gün Azərbaycan ədliyyəsi həm hüquqi, həm də maddi-texniki bazanın mükəmməlliyinə görə postsovet məkanının ən inkişaf etmiş ədliyyələrindən biridir. Ölkə ictimaiyyətini, nazirliyimizi və dövlətimizi əmin edirik ki, qarşımızda duran bütün vəzifələr məhz cənab Prezidentin tövsiyə etdiyi şəkildə icra olunacaq. Avropanın ən mükəmməl qanunlarından biri kimi qəbul edilən Azərbaycan qanunlarına daim əməl edəcək, nazirliyimizin və dövlətimizin nüfuzunu həmişə uca tutacağıq. 
Sonda onu deyə bilərik ki, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların real təzahürüdür.

 

Tahir İsmayılov, 
Ağsu Rayon Məhkəməsinin sədri

17 Noyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin