Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqil dövlətimiz milli ədliyyə sisteminin tarixi ənənəsini bərpa və inkişaf etdirmişdir

Azərbaycan ədliyyəsi – 100

Müstəqil dövlətimiz milli ədliyyə sisteminin tarixi ənənəsini bərpa və inkişaf etdirmişdir

Bugünlərdə Azərbaycanda sivil ədliyyə və məhkəmə sistemi yaradılmasının 100 illiyi tamam olur. Müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən başlanır.
O zaman itirilmiş dövlətçiliyi bərpa edilmiş ölkəmizin ilk Ədliyyə Nazirliyi məhz dövlətçiliyin bərpası günündə yaradılmış, ilk nazir isə adı istiqlal tariximizə AXC-nin fədakar dövlət xadimlərindən biri kimi düşmüş Xəlil bəy Xasməmmədov olmuşdur. Həmin ilin noyabrın 22-də nazirliyin funksiya və səlahiyyətlərini müəyyən edən ilk əsasnaməsi təsdiq edilərək onun sonrakı fəaliyyətində əsas tutulmuşdur. Bu tarix müstəqillik dövründə, haqlı olaraq, hər il ölkəmizdə milli ədliyyə sisteminin yaradılması günü kimi qeyd edilir.
AXC-nin tarix səhnəsinə qədəm qoyduğu ilk günlərdən və aylardan müstəqil dövlətin qanunçuluq bazasının formalaşdırılması üçün nazirliyin fəal iştirakı ilə bir sıra zəruri hüquqi sənədlər hazırlanmış, lazımi qərarlar qəbul etmişdir. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə cəzaçəkmə yerləri ilə işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Nazirliyin təşəbbüsü ilə o dövrdə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında” və “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
Lakin tarixin təkərini geri çevirmiş Rusiyanın kommunist rəhbərliyinin hökmü ilə ölkəmizə göndərilmiş işğalçı XI ordu 1920-ci ilin 28 aprelində Azərbaycanda milli hakimiyyəti devirdikdən sonra Moskvanın diqtəsini yerinə yetirən Hərbi İnqilab Komitəsinin qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Onun yerində yaradılmış Xalq Ədliyyə Komissarlığının aparatı dəyişdirilmiş, milli düşüncəli istiqlalçı kadrlar bu sistemdən kənarlaşdırılmışlar. Bundan sonra yerli ədliyyə sistemi kommunist hakimiyyətinin möhkəmləndirilməsinə, milli maraqların yox edilməsinə, repressiya maşınının qanlı əməllərinə hüquqi don geyindirilməsinə xidmət etmişdir.
1930-cu ildə isə Ədliyyə Komissarlığı da ləğv edilərək onun funksiyaları Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlar arasında bölüşdürülmüşdür. 1933-cü ildə komissarlıq bərpa edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, hüquqi sənədlərin şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə yardımının təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə yerli ədliyyə sisteminin yeni əsasnaməsi təsdiq edilmiş, lakin onun səlahiyyətləri müəyyən qədər məhdudlaşdırılmışdır. Bu qayda ilə fəaliyyətini davam etdirən komissarlıq 1959-cu ildə yenidən ləğv edilmişdir. 
Sovet dövründə ədliyyə sisteminin ayrıca nazirlik kimi yenidən fəaliyyətə başlaması və uğurlu işi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə mümkün olmuşdur. Respublikanın idarə olunmasında mərkəzin təsirini azaltmağa nail olan ulu öndərin siyasi iradəsi və Azərbaycan SSR Ali Sovetinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi yenidən yaradılmışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, sistemin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər hazırlanmış, ədliyyə işinin inkişafı üçün zəruri işlər görülmüşdür. Nazirlik bu dəfə sovet epoxasının sonunadək fəaliyyət göstərərək, respublikada hüquqi xidməti yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun müstəqillik epoxasında fəaliyyəti üçün zəmin yaranmışdır. 
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi yenidən bərpa edildikdən sonra bu qurum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təşkilində əsaslı baza rolu oynamışdır. Lakin müstəqilliyin ilk dövründə ölkəyə rəhbərliyi ələ keçirmiş naşı və xəyanətkar qüvvələrin təqsiri üzündən ədliyyə sisteminin fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması əsassız olaraq ləngidilmişdir. Yalnız 1993-cü ilin yayında ümummilli lider, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev zamanın hökmü, xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmışdır. Tezliklə cəbhədə atəşkəsə nail olunmuş, ordu quruculuğuna başlanılmış, daxili sabitlik bərqərar edilmiş, ölkəni bürüyən hərtərəfli tənəzzülün qarşısı alınmışdır. Məhz bu zəmində Azərbaycan ədliyyəsinin fəaliyyəti də yenidən qurulmuş, zəruri islahatlar sürətlə həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil ölkəmizin ilk Konstitutsiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci il noyabrın 12-də həyata vəsiqə almış müstəqil Azərbaycan Respublikasının ilk konstitutsiyası ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına da xüsusi diqqət yetirmişdir. 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə Prezident fərmanı verilməsi ilə ardıcıl gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşmalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur. 
Bundan başqa, keçmiş sovet respublikaları arasında, demək olar ki, təkcə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyətinə aid edilmişdir. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü ölkənin idarəetmə sistemində bu sahənin mötəbər yerinin, bu fəaliyyətinin dövlət və cəmiyyət üçün önəminin təsdiq edilməsi məramı ilə əlamətdar olmuşdur.
2000-ci ildən dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında test üsulu ilə seçilmiş, ölkədə fəaliyyət göstərən hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış “cəza qanunları” təəssüratı aradan qalxmışdır. 2004-cü ilin sonunda məhkəmələr və hakimlər haqqında qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq Şurası haqqında xüsusi qərarın qəbul edilməsi ədalət məhkəməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasi və hüququ islahatlar kursunu inamla davam etdirmişdir. Prezident İlham Əliyevin inamla gerçəkləşdirdiyi məhkəmə-hüquq islahatlarının əsasında hüquqi dövlət quruculuğunun, vətəndaşların qanuni maraq və mənafeyinin ədalət məhkəməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi dayanır. Dövlət başçısının “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə 19 yanvar 2016-cı il tarixli fərmanı vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə meydan açmışdır.
Ədalət məhkəməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o, cümlədən regionlarda yeni apelyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı artırılmış, məhkəmə aparatlarının stukturu təkmilləşdirilmişdir. Ölkəmizdə ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli məhkəmə sistemi yaradılmışdır. 
Hazırda ölkəmizdə birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəməsi, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəməsi fəaliyyət göstərir. 
Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm hüquqi sənədlərdən biri də 6 fevral 2009-cu il tarixli “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”dır. Bu proqramın qəbul edilməsi və uğurla həyata keçirilməsinin ədliyyə orqanlarının, məhkəmələrin dinamik inkişafının təmin edilməsində, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqində, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasında, kadr potensialının gücləndirilməsində böyük rolu olmuşdur.
Hazırda ədliyyə və məhkəmə sistemi müasirləşdirilərək proseslərin aparılmasında yeni texnologiyalar tətbiq olunur, maddi-texniki baza yaxşılaşdırılır. Dövlət başçısı İlham Əliyevin tövsiyələri nəticəsində mükəmməl şəkildə həyata keçirilən islahatlar ədliyyə sahəsində müsbət nəticələr yaratmışdır. Son illərdə ölkəmizdə bir neçə müasir məhkəmə binası tikilib istifadəyə verilmiş və insanlara yüksək səviyyədə xidmət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən təsis edilmiş “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işlər davam etdirilir. Məhkəmə prosesləri şəffaf, müasir informasiya- kommunikasiya texnologiyaları vasitəsi ilə həyata keçirilir, yeni binalarda elektron məhkəmə sisteminin bir çox komponentləri tətbiq olunur. Məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilmiş, burada elektron “Şəxsi kabinet” yaradılmış, məhkəmə proseslərinin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılmışdır. 
Təsadüfi deyil ki, 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə prosedurları və məhkəmələrin işinin təşkili sahəsində innovativ və effektiv təcrübələrin aparılması və yayılması məqsədi ilə keçirilən müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihəyə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin kristal tərəzisi” mükafatına layiq görülmüşdür.
Ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoymuşdur. Hazırda Cinayət, Cinayət Prossesual, Cəzaların İcrası Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmiş, iqtisadi sahədə olan bəzi əməllərin dekreminallaşdırılması, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqi genişləndirilmişdir.
Bu gün ümummilli lider Heydər Əliyevin qayğısı ilə təkmil struktur kimi formalaşmış və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşən milli ədliyyə sistemi yeni nailiyyətlərə imza atır. Şərəfli yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından isə 100 il ötür. Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə xüsusi tərtibatla yubiley medalının təsis edilməsi ədliyyə işçilərinə müstəqil dövlətimizin ən böyük hədiyyəsidir.
Ədliyyə ədalət sözündəndir. Ona görə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə və məhkəmə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır. Bu gün peşə bayramını təntənəli qeyd edərkən Azərbaycan ədliyyəsinin inkişafına, əməkdaşlarımızın yüksək təltiflərə layiq görülməsinə görə dövlət başçımıza dərin minnətdarlığımızı bildirir və cənab İlham Əliyevi əmin edirik ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
Bir neçə gündən sonra – ölkəmizdə böyük təntənə ilə qeyd ediləcək Azərbaycan ədliyyəsinin 100 illiyi və 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə bütün ədliyyə işçilərini təbrik edir, həmkarlarımıza dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımıza mükəmməl hüquqi xidmət göstərilməsi işində uğurlar arzulayıram.

 

Ramiz NURULLAYEV, 
Beyləqan Rayon Məhkəməsinin sədri 

17 Noyabr 2018 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin