Ən son xəbərlər

Son buraxılış
Arxiv

281 vərəsəyə birdəfəlik ödəniş veriləcək

281 vərəsəyə birdəfəlik ödəniş veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Prezidentin mühüm sosial önəm kəsb edən bu humanist addımına uyğun olaraq, birdəfəlik ödənişin verilməsi prosesi qanunvericilikdə nəzərdə tutulduğu kimi və şəffaf şəraitdə həyata keçirilir. 
Bunu dövlət başçısının qeyd edilən fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 
Nazir bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur və nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır. 
Sonra komissiya daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edib. 
Qeyd edək ki, komissiyanın bundan öncəki – noyabrın 2-də keçirilmiş iclasında 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunmuşdur. 
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumilikdə, artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün komissiya tərəfindən qərar qəbul olunub.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

17 Noyabr 2018 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin