Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmayacaq

Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmayacaq

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “rəhbəri” Bako Saakyanın Parisə səfəri ölkəmizlə Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə, habelə imzalanan sazişlərə ziddir. Bu, digər tərəfdən, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə, eyni zamanda, Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə də bir araya sığmır. 
Xatırladım ki, Bako Saakyanın Fransaya səfərinə şərait yaradılması və qanunsuz rejimin nümayəndələrinin qəbul edilməsi, bununla da ermənipərəst siyasət yürüdülməsi bu ölkə tərəfindən atılan ilk addım deyil. Ötən illərdə də belə hərəkətlər dəfələrlə təkrarlanıb. Fikrimin təsdiqi kimi diqqəti bir neçə fakta yönəltmək istərdim. 
Əvvəlcə onu deyim ki, Fransa Prezidenti Emmanuel Makron bu ilin oktyabr ayında Frankofoniya sammitində iştirak üçün Ermənistana üçgünlük səfər etmişdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, heç olmasa, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondan, Rusiya rəhbərliyindən nümunə götürərək, tarazlığı qorumaq üçün Azərbaycana da səfər etməliydi. Amma, təəssüf ki, tərəfkeşliyini gizlədə bilmədi. 
Yaxud, başqa bir misal. Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə mütəmadi qanunsuz səfərlər edərək işğal altında olan yaşayış məntəqələrimizlə bu ölkənin şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti isə bunun qarşısının alınması üçün heç bir tədbir görmür. İndiyədək 10-dan artıq Fransa şəhərinin belə qanunsuz sənədə imza atması bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən terrorçu Bako Saakyanın qanunsuz olaraq davamlı şəkildə Fransaya səfərlər etməsi, orada sərbəst şəkildə görüşlər keçirməsini, ianələr toplamasını qarşı tərəfə xatırladanda Fransa XİN və həmin ölkənin Azərbaycandakı səfiri “Fransa Dağlıq Qarabağ Respublikasını tanımır”, – deyə bəyanatlar verirlər. Bəs onda necə olur ki, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına qadağa qoyulur, “DQR”-dən gələnlərə isə yaşıl işıq yandırılır? Deməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. 
Ümumiyyətlə, Fransanın Azərbaycanın işğal edilən torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır. Ona görə də, fikrimcə, bu ölkənin qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. 
Sonda xatırlatmaq istərdim ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan rəsmi Parisin ikili standartlar yürüdəcəyini irəlicədən görür və buna görə də Fransanın həmsədr olmasına qəti şəkildə etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə dair öhdəlik də götürmüşdü. Ötən müddətdə bu öhdəliyə necə əməl edilməsi isə hamıya məlumdur.

 

İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

17 Noyabr 2018 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin