Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni tariximizin əlamətdar səhifələrindən biri – Dirçəliş Günü

Yeni tariximizin əlamətdar səhifələrindən biri – Dirçəliş Günü

 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə qələmə alınan yazıların əksəriyyətində həmin tarixi gündə xalqımızın nümayiş etdirdiyi mütəşəkkilliyin miqyasını göstərmək üçün belə bir atalar deyimindən istifadə edilir: “El gücü, sel gücü!” Həmin gün haqqında danışan ulu öndər Heydər Əliyev isə demişdi ki, xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz. 
Doğrudan da, elə oldu. Azərbaycan xalqının qanındakı azadlıq arzusu ötən əsrin səksəninci illərinin sonlarında elə şövqlə özünü göstərdi ki, onun qarşısını tanklarla silahlanmış Sovet qoşunları da kəsə bilmədilər. Xalq böyük qurbanlar bahasına öz arzusunu reallaşdırdı və həmin prosesin nəticəsi olaraq, həm müstəqil dövlət qazandıq, həm də Şəhidlər xiyabanı kimi müqəddəs ünvanlarımız yarandı.
Sonralar 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlı müxtəlif rəvayətlər uydurulmuş, həmin prosesi kimlərinsə adına bağlamaq cəhdləri olmuşdu. Ancaq fakt ondan ibarət idi ki, Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapmışdı. Vəssalam.
Tarixçilər yazırlar ki, 1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq – o vaxtkı Lenin meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlamış və aksiya dekabrın 5-dək davam etmişdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Mitinq iştirakçıları tələb edirdilər ki, Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Eyni zamanda, televiziyanın Topxanada nə işlər görüldüyü barədə ətraflı məlumat verməsi tələb olunurdu. Digər tələblər bu idi ki, Ağdam şəhərində qadağa saatı ləğv edilsin, Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılsın, orada Azərbaycanın hüquqi və siyasi hakimiyyəti bərpa edilsin və sair. Mitinq iştirakçıları tələb edirdilər ki, noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat versin. 
Göründüyü kimi, mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunması, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. 
Təbii ki, xalqın bu qətiyyətindən öz xeyrinə istifadə etmək istəyən qüvvələr də var idi və onlar paytaxtın bəzi rayonlarında vəziyyəti qəsdən gərginləşdirir, müxtəlif təxribatlar törədirdilər. Naxçıvanda dövlət orqanlarının binalarına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Ona görə də noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdi. 
Küçələrə ağır silahlı qoşun hissələri yeridilsə də, əsas mitinqin keçirildiyi meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Azərbaycan xalqının sülsevərlik nümayiş etdirməsinə və öz tələblərində haqlı olmasına baxmayaraq, dekabrın 4-də gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi. 
Təbii ki, həmin proseslərdən dərhal sonra bizim azadlıq əldə etməyimiz mümkün deyildi. Ancaq həmin 22-23 gündə çox böyük bir nailiyyətə imza atmışdıq. Belə ki, “Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. (Amma jurnalın içində azərbaycanlıların “İlin xalqı” elan olunması və ya ümumiyyətlə, Azərbaycan haqqında heç bir şey yazılmayıb. Buna baxmayaraq, hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.
17 noyabr mitinqinin və ümumiyyətlə, sonrakı etiraz aksiyalarının səbəblərini xatırladan ekspertlər yazırlar ki, ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdı. SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışdılar. 
Ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırmışdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss edirdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Azərbaycanda xalq hərəkatının alovlandığı bir vaxtda ölkəyə rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmirdilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığı ucbatından 20 Yanvar faciəsi baş vermişdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. O, həm 1990-cı il yanvarın 21-də – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsini lənətləyən bəyanat verməsi ilə, həm də, həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında atdığı addımlarla xalq azadlıq hərəkatımızın inkişafına möhtəşəm bir dəstək vermişdi. 
İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük və uğurlu addım atmışdı.
Sonrakı proseslər isə sübut etdi ki, Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz”.

 

Hazırladı:
 İttifaq MİRZƏBƏYLİ, 
 “Xalq qəzeti”

17 Noyabr 2018 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin