Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən sevgisinin zirvəsi

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən yaradıcılıq müsabiqəsinə yekun vuruldu

Vətən sevgisinin zirvəsi

Vətən sevgisi sevgilərin ən alisi, ən müqəddəsidir - deyirlər. Onun uğrunda canından keçən hər bir insan isə şəhiddir. Bu zirvəyə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. 
Belə şərəfli ömür sahiblərindən biri də 44-cü doğum günü onsuz keçirilən, şəhidliyinin 24 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur. Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda hünər və qeyrətlərini silaha çevirib döyüşlərə yollanan igidlər sırasında əməlinin və hünərinin ucalığında dayanan Elgün də var idi. 1974-cü ildə Bakı şəhərində anadan olan, çalışdığı “Azərbaycan” qəzetində qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. Həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə – Füzuli rayonuna göndərilən Elgün Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı. 
1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirildi. Döyüşçü dostları Elgünü igid və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-sında iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın Fəxri fərmanına layiq görülür. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də var idi. Cəsur əsgər burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.
İş yoldaşları Elgünün xatirəsini hər zaman əziz tuturlar. Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il də Elgünün xatirəsi ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzüldü və ruhuna dualar oxundu.
Sonra anım mərasimi redaksiyada davam etdirildi. Tədbiri “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun güclü ordusu və əsgərinin vətənpərvərlik, döyüş ruhudur. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusunun hər bir əsgərinin döyüş əzmi, vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Bu, son illərdə orduya göstərilən hərtərəfli diqqət və qayğının təcəssümüdür. Ən modern silah-sursat, hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bu il Bakıda keçirilən iki möhtəşəm hərbi paradla bir daha öz qüdrətini nümayiş etdirən Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması isə qürurvericidir.  
Bəxtiyar Sadıqovun sözlərinə görə, hər zaman Ali Baş Komandan kimi səngərdəki əsgərin yanında olub doğma valideyn təki onun qayğısına qalan cənab İlham Əliyevin özü bu gün əsgər atasıdır. Prezident övladının müqəddəs əsgər libası geyinən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir. Bu, bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur. Ölkə rəhbərinin xarakterini də təyin etmək üçün örnək hadisəsidir. İndi səngərdəki hər bir Azərbaycan əsgəri əmindir ki, döyüş əmri verildikdə, onlar düşmənə qarşı Ali Baş Komandanın oğlu ilə çiyin-çiyinə savaşacaqlar. 
“Şəhidlik zirvəsi hünər, qeyrət simvoludur, bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verən igidlərin xatirəsini anmağa həmişə borcluyuq. Onlar hər zaman sonsuz 
ehtirama, sevgi və məhəbbətə layiqdirlər”, – deyən baş redaktor vurğuladı ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bugünkü gənclərimizə örnəkdir. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir.
Şəhid Elgünün çox qısa, lakin mənalı həyat və döyüş yolundan, Azərbaycan dövlətinin müstəqillik tarixinin şərəfli və kəşməkəşli olduğundan söz açan Bəxtiyar Sadıqov onu da xüsusi vurğuladı ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada Elgünün xatirəsinə həsr edilmiş ənənəvi yaradıcılıq müsabiqəsi keçirilir. Artıq 16-cı dəfə keçirilən müsabiqəyə təqdim olunan yazılar bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda, müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərliyə, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır. “Azərbaycan” qəzetinin səhifələrində belə yazıların mütəmadi işıq üzü görməsini kollektiv də vacib sayır. Bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, burada yaradıcılığa geniş meydan verilir. 
Şəhid Elgün İsmayılovun atası, Əməkdar jurnalist Dağbəyi İsmayılov Vətən uğrunda canlarından keçən hər bir şəhidin şərəfli ömrünün örnək olmasını təbliğ edən qəzetin baş redaktoruna və kollektivinə ailəsi adından təşəkkürünü bildirdi. Şəhid atası dedi ki, Elgünün xatirəsinin ona doğma olan iş yoldaşları tərəfindən ehtiramla yad edilməsi və hər ad günündə məzarı üzərinə tər çiçək dəstələrinin düzülməsi, ruhuna duaların oxunması onu çox qürurlandırır. Bütün bunlar xalqımızın şəhidlərə göstərdiyi əbədi ehtiramın bariz nümunəsidir.
Sonra Bəxtiyar Sadıqov müsabiqənin nəticəsini elan etdi. Builki müsabiqənin yekunlarına görə redaksiyanın əməkdaşları  – İradə Əliyeva, Rəşad Bəxşəliyev, Elçin Cəfərov və Sabir Əliyev qalib elan edildilər. Qaliblər “Azərbaycan” qəzetinin Fəxri diplomu və pul mükafatları ilə təltif olundular.

 

AZƏRTAC

17 Noyabr 2018 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin