Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət HACIYEV: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır

Hikmət HACIYEV: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də həmin ərazilərdə yaradılan qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfər etmələridir.
Bu fikri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Fransa həmsədr ölkələrdən biridir, vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir. Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş şəhərləri ilə “qardaşlaşması”, özünü qondarma rejimin rəhbəri kimi təqdim edən şəxsin Fransaya səfəri kimi hallar baş verir ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır, bunun qarşısı alınmalıdır. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, Azərbaycanın diplomatik nümayəndəlikləri bu xüsusda Fransa tərəfinə ölkəmizin ciddi etirazını çatdıracaqlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da məsələyə münasibətini bildirib, əgər Bako Saakyan kimi bir şəxs Fransanın ərazisinə gedirsə, onda icmalara münasibətdə bərabərhüquqlu münasibət də təmin olunmalıdır. Hər iki icma bərabərhüquqludur. Əgər hər hansı icmaya xüsusi münasibət göstərilirsə və digərinin hüququna biganəlik nümayiş etdirilirsə, bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Fransa və digər dövlətlər münaqişənin həlli prosesinə töhfə vermək istəyirlərsə, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Bu proses çərçivəsində isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməli və dəstəklənməlidir. Ona görə də həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəaliyyət göstərməsi faydalı olardı.

 

AZƏRTAC

 

17 Noyabr 2018 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin