Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

Masallı, Astara, Lənkəran


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Gəncə, Ağstafa, Qazax, Səbail və Xətai məktəbliləri Lənkəranla tanışlıqdan sonra noyabrın 16-da Masallı və Astara rayonlarına səyahət ediblər. 
Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.
Məktəblilər ümummilli liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbinə gəliblər. Məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası 2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Ümumi sahəsi 2743 kvadratmetr olan ikimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda məktəbdə 305 şagird təhsil alır.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı ilin sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. 
Tur-aksiyanın iştirakçıları “ASAN həyat” kompleksindəki “ASAN xidmət” Mərkəzi və “ABAD Mərkəz”lə, həmçinin İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin “Breyn-rinq” yarışını izləyiblər.
Şagirdlər Masallıdakı Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi və Masallı Sənaye Məhəlləsi ilə də tanış olublar. 
Tur-aksiyanın iştirakçıları günün ikinci yarısında Astara rayonuna gəliblər.
Astarada humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə, aqrar sahənin çox böyük payı var. Ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan, Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. 
Qeyd olunub ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar və qəbul edilən dövlət proqramları ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.
Məktəblilər Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılıb. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisi Astara şəhərinə xüsusi gözəllik verir.
Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məlumat verilib.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun alovlanmasını böyük maraqla izləyiblər.
Məktəblilər, həmçinin “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana qayıdıblar.
Noyabrın 16-da tur-aksiyanın Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarından olan iştirakçıları isə Lənkəran rayonuna səfər ediblər.
Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, “Qoşa Qala qapıları” meydanında, “Dairəvi qala”da, “Mayak” binasında, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar. 
Şam yeməyindən sonra tur-aksiyanın iştirakçıları musiqili-əyləncəli proqramda iştirak ediblər.

 

Şəki

 


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə – noyabrın 16-da qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiya iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq tədbirlər, festivallar keçirilir. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Bildirilib ki, şəhərdə orijinal layihə əsasında yeni tikilən və bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə ulu öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin yanında yeni inşa edilən Bayraq Muzeyi gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verəcək. Burada 72 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb.
Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC (keçmiş adı “Şəki-İpək” ASC) bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
Mərkəzlə tanışlıqdan sonra beş rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə – 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı  qeyd olunub ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisindəki Xalq Tətbiqi Sənəti və Tarix-Diyarşünaslıq muzeyləri, həmçinin “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

 

Gəncə

 


Gəncədə tur-aksiya iştirakçıları arasında keçirilən intellektual oyunun qalibləri müəyyənləşib.
Ötən 4 gün ərzində Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə ekskursiya edən Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, 
Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
“Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən oyunda məktəblilər öz biliklərini nümayiş etdiriblər.
Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və onların dünyagörüşünü artırmaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışa 54 komanda qatılıb. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 9 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, Yasamalın “Turan” komandası birinci, Astara rayonunun “Atom” komandası ikinci, Lerik məktəblilərinin təmsil olunduğu eyniadlı komanda isə üçüncü yeri tutub. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.

 

AZƏRTAC

17 Noyabr 2018 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin