Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onu Çarli Çaplinə bənzədirdilər

Onu Çarli Çaplinə bənzədirdilər

Bəlkə də bu bənzətmədə bir həqiqət var. İstəyirdi ki, sənətdə nəsə desin, tamaşaçıların diqqətini çəksin. Amma ona böyük rollar vermirdilər. Əslində, kiçik rolları elə məharətlə yaradırdı ki, bəzən baş qəhrəmanlardan daha çox sevilirdi. Fazil Salayev heç vaxt ad, şöhrət dalınca qaçmazdı. İstəyirdi ki, onu unutmasınlar, lap kiçik də olsa rol versinlər. O, kiçik obrazların böyük yaradıcısı kimi məşhurlaşmışdı. Küçədə, premyeralarda ona xüsusi hörmət və məhəbbətlə yanaşırdılar. 
Aktyor kimi bu sənətə 32 yaşında gəlmişdi. Əslində, erkən yaşlarında o, rəssam olmaq istəyirdi. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdi. Çəkdiyi rəsmlərin hər birində qəribə motivlər olardı. Sonradan, nədənsə, özünü bu sənətdə görə bilmədi. Ali aktyorluq təhsili alıb, peşəsini dəyişmək qərarına gəldi. Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) qəbul olundu. Günlərin birində rejissor Həsən Seyidbəyli “Möcüzələr adası” filmində onu kiçik bir rola dəvət etdi. Bu, onun üçün böyük sənət dünyasına açılan qapı idi. Beləcə, illər bir-birini əvəz etdikcə, onun da sənət dünyasına gedən yoluna istedadı, qabiliyyəti işıq saçırdı. 
O, öz üzərində işləyir, yorulmaq bilmədən çalışırdı. Tələbəlikdən sonra Akademik Dram Teatrında işə düzəlmişdi. Bir az burada çalışdıqdan sonra Musiqili Teatra üz tutmuşdu. Əslində, bu teatrda onun yaradıcılığı üçün daha geniş imkanlar açılırdı. O, insanlara gülüş bəxş etməkdən həzz alırdı. Səhnəyə hər gəlişində tamaşaçı alqışları, bilsənuiz, onu nə qədər sevindirirdi? Daha onu tanıyır, sevirdilər. Doğrudur, onun üçün məxsusi ssenari yazılmırdı, amma xoşbəxtlikdən xarakterinə uyğun rollar həvalə edilirdi. 
“Ulduz” filmi ekranlara çıxanda Fazili tamaşaçılar yenə kiçik bir rolda gördülər. Bu rayon qəzetində fotomüxbir işləyən baməzə bir obraz idi. Bir müddət “Mozalan” satirik jurnalındakı bədii süjetlərdə maraqlı rollar yaratdı. Deyirdilər ki, Fazil daha aktyor kimi öz yerini tapıb. 
Bədii filmlərə də dəvət olunurdu. “Alma almaya bənzər”də Mehdini,”Bizim Cəbiş müəllim”də Mıqqını, “Bir cənub şəhərində”də Fazili, “Dərviş Parisi partladır”da Qulaməlini oynadı. 
1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxardı. Onun sifətində elə bil müharibənin bütün ağrıları cəmləşmişdi. Bu adam cəbhədə kontuziya almışdı. İndi isə evlərin damlarını qırlamaqla məşğuldur. Bakının qaynar küçələrində qır qazanının istisində ürəyi bişən Məhəmmədin qəflətən yıxılması səhnəsi necə də təsirlidir. ­Aktyor elə bil özünü oynayır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla “danışmağın” bənzərsiz nümunəsidir.
Bir də “Axırıncı aşırım” filmində oynadığı nökər onun kiçik rolların böyük yaradıcısı olduğunu bir daha təsdiq etdi. Böyük aktyorlarla tərəf  müqabil olanda belə, öz sərbəstliyini qoruya bilirdi. Yəqin ki, Adil İsgəndərovun Kərbəla İsmayılı ilə qarşılaşdığı səhnəni xatırlayırsınız.
 Bir vaxtlar televiziya ekranlarında gedən “Komediyalar aləminə səyahət” verilişində tez-tez səhnəciklərdə çıxış edirdi. Onun “molla əmi” ifadəsi dillər əzbəri olmuşdu. Elə “Mozalan” satirik jurnalındakı sərxoş rolu da unudulmaz personajdır. Polis işçisinin “Bu vaxta kimi metroya minməmisiniz” sualına verdiyi “Qoyursunuz ki?” cavabı da tamaşaçıda xoş ovqat yaradır.
Günlərin birində ona qəzet üçün məqalə yazmaq istədiyimi bildirəndə məni evinə dəvət etdi. Bilirdim ki, həyat yoldaşından ayrılıb, qızları da ayrı yaşayır. Hiss etdim ki, tək yaşayır. Bir az söhbətləşdik. Mənə həyatından danışdı. Dedi ki, 1931-ci il sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən, Cənubi Azərbaycandandır. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotoşəklinin arxasına yazıbmış. Fazil Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra bir müddət orta məktəbdə rəsm müəllimi işləyib. Hətta Yasamal rayonundakı məktəblərdən birində, indiki Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçib. Eyni zamanda, “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. 
 Beləcə işlədi, yaşadı, yaratdı aktyor Fazil Salayev.
İstedadlı aktyor qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib, sevilə-sevilə baxılır.
Təssüf ediləsi məqam bu oldu ki, qızı Ofeliyanın doğum günündə – 1978-ci il iyunun 20-də 46 yaşında həyata əlvida dedi.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

17 Noyabr 2018 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin