Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şinzo Abe: Kuril adalarında ABŞ-ın hərbi bazaları yerləşdirilməyəcək

Şinzo Abe: Kuril adalarında ABŞ-ın hərbi bazaları yerləşdirilməyəcək

Rusiya Prezidenti Vladimir Putin bu günlərdə ASEAN ölkələrinin Sinqapurda keçirilən sammitində Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb. Liderləər arasında Kuril adalarının taleyi ilə bağlı müzakirələr olub. 
Yaponiya hökumətinin rəhbəri danışıqlarda söz verib ki, əgər Cənubi Kuril adalarının bir hissəsi Tokioya qaytarılsa, Yaponiya həmin adalarda ABŞ hərbi bazalarını yerləşdirməyəcək. 
Bu barədə Yaponiyanın “Asahi Shimbun” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, söhbət Habomai və Şikotan adalarının qaytarılmasından gedir. 
Xatırladaq ki, 2016-cı ildə Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati rusiyalı həmkarı Nikolay Patruşev ilə görüşündə adaların geri qaytarılacağı təqdirdə orada Amerika hərbi bazalarının yerləşdirilə biləcəyini istisna etməmişdi. Məhz bundan sonra Cənubi Kuril adaları ilə bağlı Moskva ilə Tokio arasındakı münaqişə daha da gərginləşmişdi. Vəziyyətin gərginləşdiyini və Rusiyanın kompromisə getməyəcəyini anlayan Şinzo Abe daha sonra Putinlə keçirdiyi görüşlərdə dəfələrlə bildirib ki, Tokionun belə bir niyyəti yoxdur. 
“Asahi Shimbun”un məlumatına görə, hazırda Yaponiya Xarici İşlər Nazirliyi ABŞ hərbi bazalarının Yaponiya ərazisində yerləşdirilməsilə bağlı məsləhətləşmələr aparır. 
Qeyd edək ki, ­1956-cı il SSRİ – Yaponiya birgə bəyannaməsində göstərilib ki, Moskva sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Kuril adalarının Tokioya qaytarılmasının mümkünlüyünə baxmağa razıdır. Bu ilin 12 sentyabrında Vladivastokda keçirilən Şərqi İqtisadi Forumda V.Putin heç bir ilkin şərt olmadan S.Abeyə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin Tokioda bu təklif rədd edilib. 
Qeyd edək ki, Kuril adaları arxipelaqının cənub hissəsi Rusiya və Yaponiya arasında mübahisəli ərazidir. Tokio Cənubi Kuril adaları – İturup, Kunaşir, Şikotan və Habomai adalarının Yaponiyanın ərazisi olduğunu və İkinci dünya müharibəsi nəticəsində SSRİ tərəfindən ələ keçirildiyini bildirir. 
İkinci dünya müha-ribəsindən sonra Kuril adalarının hamısı Sovet İttifaqına birləşdirilib və indiyədək Moskva bu adaların ona məxsus olduğunu iddia edir. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

17 Noyabr 2018 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin