Ən son xəbərlər

Son buraxılış
Arxiv

TOPs layihəsi çərçivəsində “Açıq dərs”

TOPs layihəsi çərçivəsində “Açıq dərs”

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv ibtidai sinfində fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib.

4-cü sinifdə keçirilən açıq dərsin məqsədi müxtəlif hərəkət kompleksləri və oyunlar vasitəsi ilə şagirdlərdə komanda ruhunun  inkişaf etdirilməsinə nail olmaqdır. Dərsdə şagirdlər fərdi, cütlərlə və komandalı fəaliyyətlə öz bacarıqlarını daha da inkişaf etdirməyə çalışıblar.

“Açıq dərs”in gedişini  təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyinin direktoru Samr Şah, tərəfdaş təşkilatların digər rəsmi nümayəndələri və valideynlər izləyiblər. Qonaqlar valideynlərlə inklüziv tədrisdə fiziki tərbiyə dərslərinin tədrisinin uşaqlara olan təsiri haqqında səmimi söhbət ediblər.

TOPs proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Layihənin əsas məqsədi müasir təhsil texnologiyaları ilə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılmasına nail olmaq və  şagirdlərin fiziki-psixoloji sağlamlığının qorunmasını təmin etməkdir. Layihənin digər əsas məqsədlərindən biri də fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmasına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, TOPs proqramına  Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından ümumilikdə 250 ümumtəhsil məktəbi cəlb olunub.  

 

Əlipənah BAYRAMOV,
 “Xalq qəzeti”

17 Noyabr 2018 17:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin