Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə yetirmələrinin Azərbaycan Xalq Cümhuriyyəti sevgisi

Gəncə yetirmələrinin Azərbaycan Xalq Cümhuriyyəti sevgisi

Yetirmələrinin çoxcəhətli uğurları, xoş sədaları ilə ölkənin tanınmış ümumtəhsil ocaqlarından olan Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi 50 il əvvəl bitirmiş məzunlar ömürlərinin yeddinci onilliyində doğma məktəbdə keçirdikləri görüşü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etmişlər.

Görüşdə bildirilmişdir ki, dövlətçilik tariximizdə xüsüsi yeri olan Gəncə 100 illiyini il boyu dünyanın hər yerində təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinə ilk qucaq açmış, onun ilk önəmli qərarlarının verildiyi bir milli mərkəz olduğundan bu şəhərin yetirmələrinə də daha çox öyünc və sevinc payı düşür. Bu baxımdan hər bir gəncəli yaşından asılı olmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini dərindən mənimsəməyə, onun sonrakı nəsillərə əmanət qoyub getdiyi idealların gerçəkləşməsində daha fəal iştirak etməyə borcludur.

Görüş iştirakçısı olmuş və orada yurdsevərlik təşəbbüsü ilə çıxış etmiş bir qrup ahıl soydaşımız bugünlərdəredaksiyamıza gəlmişdi. Təcrübəli həmkarımız, uzun illər bölgə qəzeti redaktoru, Azərbaycan Teleradio QSC-nin əməkdaşı olmuş Asəf Məhərrəmov aşağıdakıları bildirdi:

--1918-ci ildə Quzey Azərbaycanda milli dövlətçiliyimizi bərpa etmiş və Şərqin ilk parlamentli respublikası şərəfi qazanmış Azərbaycan Xalq  Cümhuriyyətinin tarixi, çox təəssüf ki, uzun illər indiki yaşlı nəsildən gizlədilsə də, bu insanlara ömürlərinin son 27 ilini ölkəmizdə bərpa edilmiş milli hakimiyyəti görmək, onun ideallarının dirçəldilməsində iştirak etmək və AXC-nin 100 illiyi təntənələrinin sevincini yaşamaq nəsib olub. Artıq 70 yaşı haqlayan biz Gəncə yetirmələri 60 il əvvəl əlimizə çanta alıb elm-bilik öyrənməyə başlasaq da, 10 il hər səhər ilk milli hökümətimizin 4 ay yerləşdiyi binanın qarşısından keçib getsək də, dünyanın hər bucağının tarixindən xəbər tutsaq da yaxın keçmişimizin ən şanlı tarixi üzümüzə bağlı olub.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 40-cı ilində birinci sinifə gedən və 50-ci ilində orta məktəbi bitirmiş 30 nərədən sağ qalmış 21-i bu ilin əvvəlində 50 illik ayrılıqdan sonrakı görüşümüzü milli cümhuriyyətimizin 100 illik yubileyinə həsr etməyi qərara aldıq. Görüşə əli boş gəlməmək üçün il boyu Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü tarixinin ən fəal təbliğçiləri olmağı qərara aldıq. Bu işə öz ailəmizdən başlayıb yaxın-uzaqlaradək söhbətlər apardıq, 68 övladımızı, 84 nəvəmizi də bu işə qoşduq.

Bu günlərdə 59 il əvvəl ayrıldığımız doğma məkbəbdə aksiyamıza yekun vurduq. Məktəbin direktoru, qabaqcıl təhsil işçisi Vəfa Abbasova başda olmaqla kollektiv 50 il əvvəlin məzunlarını mehribanlıqla qarşıladı. Bizi böyük həyata qanadlandırmış məktəbə, AXC-nin ilk beşiyi olmuş Gəncəyə və istiqlal tariximizə dərin ehtiramımızı bildirdik, ömür yolumuzun 27 illinin müstəqillik dövründə keçməsini taleyin misilsiz bəxşişi kimi dəyərləndirdik.

Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışmış Sabibə Ziyadova isə sonda dedi:

- Orta məktəbdən sonra yolları ayrılmış, müxtəif peşə və sənət sahibləri olmuş, ölkənin müxtəlif yerlərində yaşamış biz gəncə yetirmələrini misilsiz mənəvi sərvətimiz olan müstəqil cümhuriyyət sevgisi yarım əsrdən sonra bir-birimizə qovuşdurdu. Aşıb-daşan Gəncə sevincimiz bu il yaşadığımız AXC-nin  100 illiyi təntənələrinin ən unudulmaz anlarından oldu.  Həmin gün doğma şəhərimizin AXC dövrü tarixi ilə bağlı ünvanlarını da ziyarət etdik, köhnə dost-tanışlarımıza da baş çəkdik. Sonda qərara aldıq ki, bundan sonrakı ömrümüzdə də Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğundan xəbərsiz olduğumuz illərin əvəzini çıxmaq üçün onun tarixi ilə bağlı hər şeyi öyrənməyə və indiki nəsillərə çatdırmağa çalışaq.

 

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 

17 Noyabr 2018 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin