Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq konfrans keçirilib

“Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda Ümumdünya Fəlsəfə Günü münasibətilə “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq Ümumdünya Fəlsəfə Gününün 2002-ci ildə UNESKO tərəfindən təsis olunduğunu bildirib.

science.gov.az saytı yazır ki, alim hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən, həmçinin fəlsəfə elminin öyrənilməsindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyinin qorunmasındakı rolundan danışıb və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini vurğulayıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi, Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kannelos və digərləri çıxış edərək Ümumdünya Fəlsəfə Günü münasibətilə filosofları təbrik edib, ölkəmizdə fəlsəfə elminə böyük marağın olmasından danışıblar.

Daha sonra konfransda f.ü.e.d. Zümrüd Quluzadənin “Azərbaycanda maarifçilik fəlsəfəsinin istiqamətləri”, Əlcəzair Milli Araşdırmalar Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Zaim Xənşələvinin “Ərəb-müsəlman sivilizasiyası ümumbəşəri kontekstdə: fəlsəfi perspektivlər”, Biskra Universitetinin Prezidenti, professor Xalsallah Miludinin “Fəlsəfənin Əlcəzairdə tədrisi”, f.ü.e.d., professor İzzət Rüstəmovun “Azərbaycanda maarifçilik fəlsəfəsinin təkamülü”, f.ü.e.d. Rəfiqə Əzimovanın “Filosof şəxsiyyəti və fəlsəfi təfəkkür tərzi”, f.ü.e.d., professor Əli Abasovun “Milli fəlsəfə nədir?” və digər  mövzularda məruzələr dinlənilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Noyabr 2018 12:44 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin