Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bako Saakyanın Fransada hörmətlə qarşılanması beynəlxalq hüququn norma və prinsipləri ilə bir araya sığmır

Bako Saakyanın Fransada  hörmətlə qarşılanması beynəlxalq hüququn norma və prinsipləri ilə bir araya sığmır

Son illər bir sıra beynəlxalq təşkilatların, xüsusilə Avropa Parlamenti nümayəndələrinin və ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən biri olan  Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərləri beynəlxalq hüququn norma və prinsiplərinə  qarşı açıq hörmətsizlikdir.  Bu səfərlər beynəlxalq ictimaiyyətin nümayəndələri tərəfindən də  qətiyyətlə pislənilir və bildiririk ki, bu,  beynəlxalq hüququn norma və prinsipləri ilə yanaşı, Azərbaycan qanunvericiliyinin  də kobud şəkildə pozulması deməkdir. 
Ermənistanın gücdən istifadə etməklə işğal  olunmuş Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edən belə səfərlər Fransanın münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürməsinə şübhə yaradır. Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər. Halbuki, ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr dövlətlərdən biri– Fransa bu reallığı görmür, üzərinə düşən öhdəliyin yerinə yetirilməsinə laqeyd yanaşır. 
Fransa Xarici İşlər Nazirliyi bu ədalətsizliyi həmişə söz yığınından ibarət olan bəyanatla ört-basdır etmək istəyir. Həmin bəyanatda deyilir ki, guya  Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında  mövqeyi aydındır və birmənalıdır: “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq”.
Bu bəyanatdan sonra belə bir sual meydana çıxır: Əgər Fransa, doğrudan da, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıdırsa, bəs onda qondarma rejimin – Dağlıq Qarabağın “rəhbəri”nin bu ölkəyə səfərinin qarşısının alınmasında niyə bir addım atmadı?  Fransa rəhbərliyi dərk etməli idi ki, Dağlıq Qarabağ  Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdir. Özü də dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən bu günə qədər tanınmayıb. Hətta, qondarma rejimin bu vaxta qədər keçirdiyi prezident və parlament seçkilərinin nəticələri də beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb.
Bako Saakyanın Fransaya səfəri bu ölkənin açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürütməsinin nəticəsidir. Sual olunur: niyə Fransanın dövlət rəsmiləri Cənubi Osetiya, Abxaziya, Krımdan və digər separatçı rejimdən olan nümayəndələrinin öz ölkələrinə daxil olmasına icazə vermir, ancaq qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyana qucaq açır. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır. Bu sualı  fransalı diplomatlar da  gündəmə gətiriblər. Fransa Senatının xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule “Rəsmi Parisi Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almağa çağırmaq lazımdır” – fikri də təsdiqləyir. N.Qule deyib ki, Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımır. Onun fikrincə, Fransanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə və Dağlıq Qarabağdan ölkəyə səfərlərin qarşısını almağa çağırmaq lazımdır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi çox ehtiyatlı olmalıdır.

 

Rüstəm XƏLİLOV, 
Milli Məclisin deputatı

17 Noyabr 2018 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə