Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paris Dağlıq Qarabağ separatçılarına qucaq açır

Bu halda Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etməyə mənəvi haqqı çatmır

Paris Dağlıq Qarabağ separatçılarına qucaq açır

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu inkişaf yoluna çıxaran Heydər Əliyevin müəyyən etdiyi xarici  siyasət kursu ölkəmizi Ermənistan istisna olmaqla, bütün dövlətlərin dostuna çevirib. Bu siyasi kursun müsbət nəticələrini  hər gün, hər saat görürük. Ancaq çox təəssüf ki, bəzi ölkələrdəki antiazərbaycan qüvvələrin və erməni lobbisinin fəaliyyəti nəticəsində bizə qarşı soyuq münasibət yaranır. Məsələn, Fransada olduğu kimi. 
Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə Prezident kimi özünün ilk xarici səfərini Fransaya etmişdi və bu, təsadüfi deyildi. O, dekabrın 21-də Parisdə mətbuat konfransında demişdi: “Mən burada olarkən daha çox yəqin etdim ki, Azərbaycanla Fransa arasında əlaqələr son dərəcə zəif olmuşdur, Fransada Azərbaycan barəsində məlumat olduqca azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz, Azərbaycan dövlətinin tədbirləri barədə yalan-yanlış təsəvvür yaradır. Buna görə də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri arasında sıx qarşılıqlı əlaqələr, ikitərəfli münasibətlərin inkişafı üçün bünövrə yaratmaqla yanaşı, Fransada Azərbaycanın daha yaxşı təsəvvür olunması mənasında böyük əhəmiyyətə malikdir. Mən belə düşünürəm ki, bu günlər ərzində biz bunu etməyə müvəffəq olduq”.
Doğrudan da, Azərbaycan – Fransa dostluq və tərəfdaşlıq münasibətləri kifayət qədər zəngin bir yol keçmişdir. 2003-cü ilin payızından sonra da bu istiqamətdə olduqca səmərəli işlər görülmüşdür. Bəs bu gün nə baş verir? Fransa rəsmiləri nə üçün ikili standartlar tələsindən çıxa bilmirlər? Birinci dünya müharibəsinin başa çatmasından sonra dünyanın xəritəsinin yenidən cızılması prosesi məhz Parisdə baş verdiyinə görə,  fransızlar hamıdan yaxşı bilirlər ki, indi onların dəstəklədiyi Ermənistan dövləti bilavasitə Azərbaycan torpaqlarında yaradılıb. Paris rəsmilərinin bu faktı bilə-bilə  bizim ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasını dəstəkləməsi hansı etikaya, hansı diplomatiyaya sığır?
Fransanın Azərbaycandakı səfiri nə üzlə  deyib ki, biz Dağlıq Qarabağı dövlət kimi tanımırıq? Elə isə bəs nə üçün  ildə bir neçə dəfə bu seperatçı rejimin qaniçən, qatil rəhbərini qəbul edirsiniz? Parisin bələdiyyə rəhbərlərindən bir neçəsi Ermənistanın işğalı  altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edəndə Fransa rəsmiləri demişdilər ki, həmin şəxslərin səfəri siyasi məna kəsb etmir. 
Tutaq ki, həmin arqumentə inandıq. Bəs əlimizdə olan digər faktları və arqumentləri necə başa düşək? Məsələn, Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, Bako Saakyan və digər cinayətkar ermənilər saxta pasport məlumatları ilə  Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar. Xeyir ola? Bu,  necə ədalət, necə bərabərlikdir? 
Bu qəbildən olan, yəni  Fransa rəsmilərinin Azərbaycana qarşı etdiyi haqsızlıqları göstərən faktlar onlarcadır. Ona görə də,  Azərbaycanın politoloq və ekspertləri haqlı olaraq soruşurlar ki, bu qədər qərəzçiliyə, haqsızlığa imza atan Fransa dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində hansı üzlə vasitəçilik edə bilər? Bu mövqeni nümayiş etdirən ölkənin vasitəçiliyi tamamilə qəbuledilməzdir və Azərbaycanın maraqlarına ziddir. İstənilən azərbaycanlının fikrincə, həmsədrlərin, vasitəçilərin qarşısında duran ədalətlilik və bitərəflik prinsiplərini ayaq altına atan dövlətin vasitəçiliyi bizə lazım deyil. 

 

Rəşad MƏCİD, 
Azərbaycan Yazıçılar 
Birliyinin katibi

17 Noyabr 2018 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə