Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları

Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin  elm və ədəbiyyat reallıqları

Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans işinə başlayıb. Layihənin məqsədi ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının və ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki və təbiət elmləri arasında əməkdaşlığın vacibliyinə, elmi problemlərin həllində multidissiplinar yanaşmaların və innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda məruzə ilə çıxış edib. O, konfransın humanitar, texniki və təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib. Akademik bu tədbirin, həmçinin MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun və əməkdaşlığın qurulmasına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin salamlama məktubu oxunub.
Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonskinin, Azərbaycan Dillər Universitetinin professoru Səməd Seyidovun, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullinanın, Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyət, Dil və Ədəbiyyat Tədqiqatları Mərkəzinin Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu filialının direktoru, professor İvan Saverçenkonun və başqalarının elmi məruzələri dinlənilib.
Konfrans çərçivəsində müxtəlif mövzuları əhatə edən “dəyirmi masa”lar keçiriləcək, tədbir iştirakçıları AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanış olacaqlar.
Beynəlxalq tədbir noyabrın 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında davam etdiriləcək.

17 Noyabr 2018 00:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə