Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömər Xəyyamın 970 illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatdı

Ömər Xəyyamın 970 illiyinə həsr olunmuş  beynəlxalq konfrans başa çatdı

Noyabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  böyük mütəfəkkir şair Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr edilmiş  ikigünlük “Xalqları qovuşduran Xəyyam sözü” adlı beynəlxalq elmi konfransa yekun vuruldu.
Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq konfrasda iştirak edən qonaqlara, tədbir iştirakşılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki,  Ömər Xəyyamın ədəbi irsi təkcə İranın, Yaxın və Orta Şərqin deyil, XIX əsrdən bu günədək dünyanın bir çox dillərinə tərcümə edilərək yayılmışdır. 
Konfransın gedişi, buradakı maraqlı çıxışlar həqiqətən sübut etdi ki, Xəyyam öz əsrləri ilə xalqları qovuşduran, insanları biri-birinə yaxın edən bir mənəvi körpü ucaltmışdır. Xəyyam sözünün işığına toplaşan Azərbaycanla yanaşı, İrandan, Qazaxıstandan və başqa ölkələrdən tədbirə qatılan alimlər, tədqiqatçılar onun əsərlərini müxtəlif aspektlərdə təhlil etmiş, maraqlı mülahizələr söyləmişlər.
  Bir dünya şairi adını qazanan Xəyyamın bir neçə il əvvəl iş adamı Əli Poladın təşəbbüsü ilə rübailəri toplanaraq ilk dəfə Tehran və Təbrizdə nəfis kitab halında çap olundu. Sonra kitab türk, Azərbaycan və müxtəlif dillərdə tərcümə edildi. Lakin ötən zaman müddətində əldə etdiyimiz yeni materiallar əsasında biz kitabı daha mükəmməl şəkildə nəşrə hazırlamaq qərarına gəldik. Qazaxıstanlı qonağımız konfransda qeyd etdi ki, ötən əsrdə böyük qazax şairi Aybək də Xəyyamı qazax dilinə çevirərək çap etmişdir. Həmin materialları da biz əldə edəcək və başqa dillərdə də tərcümələri toplayıb sanballı bir kitab halında yenidən çap edəcəyik.
Konfransın təşkilat komitəsinin üzvü filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Xəyyam işığına toplaşan alimlərə dəvəti qəbul edib konfransa qatıldıqlarına görə təşəkkür etdi. Bildirdi ki, on bölmədən ibarət olan konfransın təşkilat komitəsinə 70-dən artıq tezis göndərilmiş,  50-dən çox məruzə dinlənilmişdir. Məruzələrin əksəriyyətində Ömər Xəyyam yaradıcılığı müxtəlif istiqamətlərdən təhlil edilmiş, böyük söz ustadının haqqında yeni fikirlər səsləndirilmişdir.
Sonra beynəlxalq konfransın işində fəallıq göstərən alimlərin bir qrupuna təşkilat komitəsi adından təşəkkürnamələr təqdim edildi.
R. Hüseynov beynəlxalq konfransa yekun vuraraq, bir daha Xəyyamın sönməyən işığına toplaşan tədqiqatçı alimlərə minnətdarlıq etdi, onlara gələcəkdə səmərəli fəaliyyət arzuladı. 

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

 

16 Noyabr 2018 17:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin