Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir

Milli Kitabxanada  “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi,  Prezident yanında Bilik Fondu və Milli Kitabxananın birgə layihəsi olan “Ailəliklə kitabxanaya” layihəsinin Milli Kitabxanada təqdimat keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlamış və çıxışında “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərinin yetişməsində  böyük rolu olacağını bildirmiş və Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyni qeyd etmişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında ideyanın həyata keçirilməsində dəstəkçi olan təşkilatlara öz minnətdarlığını bildirmiş və layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd etmişdir. Aynur Sofiyeva onu da qeyd etmişdir ki, bu layihə vasitəsilə mütaliəyə maraq artırmaq, uşaqlara kitabı sevdirmək, ailəliklə mütaliə etmək, ailə münasibətlərinin, ailə bağlarının inkişaf etməsində çox böyük rol oynayacaqdır.

Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov çıxışında belə layihələri dəstəklədiyini bildirmiş və mənəvi dəyərlərin qorunması istiqamətində çox işlərin görüldüyünü vurğulamışdır. Eyni zamanda, Bilik Fondu tərəfindən də müxtəlif layihələrin “Məscid kitabxanaları”, “Ev kitabxanası” və digər layihələrin həyata keçirildiyini bildirmiş və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın rolunun əhəmiyyətinin xüsusi rolu olacağını qeyd etmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov layihə barədə dəyərli fikirlərini söyləmiş, müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulamış və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışmışdır.

Azərbaycan Tarix Muzeyinin direktoru, akademik, Nailə Vəlixanlı kitaba, mütaliəyə sevgisinin ailədən gəldiyini söyləmiş, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq bu layihəni ürəkdən dəstəklədiyini söyləmişdir.

Sonda tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Noyabr 2018 13:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə