Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb

Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib. 
Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının saxlanılması üçün 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bəzi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerdəyişməsindən irəli gəlir və yanacağın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsini təşkil edir.
Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib. 
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib. 
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç məsələni ətraflı şərh edib. 
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Əli Hüseynli “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verib. Bildirilib ki, dəyişikliklər notariat hərəkətlərinin aparılması ilə bağlı milli və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir. 
Qanun  layihəsində notarius vəzifəsi tələblərinə hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajının olması əlavə olunur. Bundan başqa, xüsusi notariusun köməkçisinin təyin olunması və onun fəaliyyəti ilə bağlı yeni normalar təklif edilir. Layihədə notariusun şəhadətnaməsinin məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) tərəfindən deyil, yalnız Ədliyyə Nazirliyi tərəfindən ləğv edilməsi təklif edilir. Bu da məhkəmə prosesinin uzun zaman ala biləcəyini nəzərə alaraq, ləğv etməyə əsas olan halların vaxtında və operativ araşdırılaraq qərar verilməsi məqsədi güdür. Bu zaman maraqlı şəxslərin inzibati aktdan mövcud qanunvericiliyə əsasən şikayət vermək hüququ saxlanılır.
Xüsusi notariusun vəzifədən kənarlaşdırılması ilə bağlı yeni maddə təklif olunur. Layihədə öz əksini tapmış vəzifədən kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, xüsusi notarius vəzifələrinin icrasına buraxılır. Layihəyə əsasən notariuslar “Elektron notariat” informasiya sistemindən istifadə edirlər, hər bir notariusun elektron imzası olmalıdır. Bundan başqa, xüsusi notariusun müraciət edən şəxslər tərəfindən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində də notariat hərəkətləri apara bilməsi layihədə öz əksini tapıb.
Layihədə qanuna xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi qaydası və tətbiq edilən intizam tənbehlərini tənzimləyən yeni normanın əlavə edilməsi təklif olunur. Notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyünə əsaslanan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən və qeyri-kommersiya hüquqi şəxs olan Notariat Palatasının yaradılması təklif olunur.
Qanunun mövcud redaksiyada öz əksini tapan daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlərin həmin əmlakın olduğu yer üzrə təsdiq olunması ilə bağlı tələbinin ləğv olunması təklif edilir. 
Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

 

AZƏRTAC

16 Noyabr 2018 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin