Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın ermənipərəst mövqeyi ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə bir araya sığmır

Fransanın ermənipərəst mövqeyi ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə bir araya sığmır

Azərbaycan ictimaiyyəti dünya birliyindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqe gözləyir. Lakin məhz bu məqsədlə yaradılan Minsk qrupunun həmsədrlərindən biri olan Fransa dövlətinin işğalçı Ermənistanı hər vəchlə himayə etməsi anlaşılmazlıq və qəzəb doğurur. 
Bu günlərdə özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyan Fransaya səfər edib. Şübhəsiz, qeyri-qanuni qurumun başçısı buraya, ilk növbədə, Fransadakı varlı ermənilərdən pul qoparmaq niyyəti ilə gəlib. Sirr deyil ki, Ermənistanda və qondarma rejimin ərazisində əhali bu gün səfalət içərisində yaşayır. Burada Fransa hökumətinin mövqeyi anlaşılan deyil. Axı, rəsmi Paris hələ 26 il əvvəl müstəqil Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Fransanın qondarma rejimin başçısını qəbul etməsi beynəlxalq qanunlara tamamilə ziddir.    
Görünən budur ki, Fransa dövləti ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Yəqin ki, xatırlayırsınız, Fransa Prezidenti Emmanuel Makron bu ilin oktyabr ayında Frankofoniya sammitində iştirak üçün Ermənistana üçgünlük səfər etdi. Lakin heç olmasa tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. 
Rəsmi Paris bu məsələdə Moskvadan nümunə götürə bilərdi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.
Başqa bir məqamı xatırlatmaq yerinə düşərdi. Belə ki, son vaxtlar Fransanın bir sıra şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. 10-dan artıq Fransa şəhəri belə qanunsuz və ilk növbədə, Fransa qanunlarını pozan sənədə imza atmışdır. Fransa hökuməti isə, sanki, bunu görmür və “diplomatik özfəaliyyətin” qarşısının alınması üçün heç bir tədbir görmür. 
Yeri gəlmişkən, Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.
Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa Dağlıq Qarabağ Respublikası”nı tanımır” bəyanatı tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir.
Fransa özünü Avropada demokratiyanın beşiyi kimi təqdim edir və beynəlxalq  qanunlara hörmət etdiyini iddia edir. Lakin bu, həqiqətə uyğun deyil. Belə ki, Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Azərbaycanın Avropa strukturlarında təmsil olunan nümayəndələri dəfələrlə qeyd ediblər ki, Fransa hər vəchlə Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına maneə yaradır.
Rəsmi Parisdən soruşmaq yerinə düşərdi: Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara nə əcəb göz yumur?
Bu gün Azərbaycan ictimaiyyəti, haqlı olaraq, hesab edir ki, Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, bu ölkə Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. 
ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyi barədə öhdəlik götürmüşdü. Paris, təəssüf ki, qərəzli, ədalətsiz mövqe nümayiş etdirərək ona bəslənilən ümidləri doğrultmadı. 
Fransa bu ölkədəki erməni diasporunun və iş adamlarının təsir və təzyiqi ilə bu gün işğalçı Ermənistanı və qondarma Dağlıq Qarabağ rejimini dəstəkləməklə özünü nüfuzdan salır. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

16 Noyabr 2018 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin