Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir

Gəncə
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan IX-XI sinif şagirdləri noyabrın 15-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.
Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.
Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.
Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr edilən və dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.
Bildirilib ki, “İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.
Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.
Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də şagirdlərə xoş təsir bağışlayıb. Küçəboyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinə gəliblər. Mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.
Sonda tur-aksiya iştirakçıları Mirzə Şəfi Vazeh Muzeyinə və şairin adını daşıyan parka gəliblər.
Məktəblilərə məlumat verilib ki, Mirzə Şəfi Vazeh Muzeyi Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Tur-aksiya iştirakçılarına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu deyən bələdçilər mütəfəkkirin adını daşıyan muzeydə görülən işləri də diqqətə çatdırıblar.
Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin səfəri davam edir.
Qəbələ
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə ekskursiyaya çıxan Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəbliləri səfərin ikinci günü, noyabrın 15-də Qəbələ rayonunun müasir istehsal müəssisələri və tarixi məkanları ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Mərkəzdə çoxfunksiyalı 1200 yerlik konfrans zalı var və o, kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. 
“Gilan Qida Şəhərciyi” ilə tanışlıq zamanı tur-aksiya iştirakçılarına məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur. Hər iki müəssisədə istehsal prosesi tam avtomatlaşdırılıb.
Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, hazırda kompleksin 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir. Dörd kanat xəttinin ümumi uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.
Məktəblilər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar.
Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günündə Şəki və Zaqatalanın tarixi məkanları ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.
Şəki
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günü, noyabrın 15-də səhər saatlarında qədim Şəkiyə gəliblər.
Tur-aksiyanın iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 3700 kvadratmetrdir. Mərkəzdə rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin yanında yeni istifadəyə verilən Bayraq Muzeyi dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirir. Muzey gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verəcək. Burada 72 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb.
Məktəblilərin diqqətinə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2017-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Tur-aksiya iştirakçılarının qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.
XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər sarayın həyətində xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. 
Məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına da baş çəkiblər. Diqqətə çatdırılıb ki, Şəki əsrlərboyu sənətkarlar məskəni olub. Şəki sənətkarlarının yüzillər boyu əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.
Quba
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 8 rayon və bir şəhəri təmsil edən, ümumilikdə, 300 nəfərdən çox  məktəblinin qədim Quba və Azərbaycanın şimal qapısı sayılan Qusarla tanışlığı davam edir.
Noyabrın 15-də Beyləqan, Ağcabədi, Xocavənd və Laçın rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qubanın görməli yerlərini gəziblər.
Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar. 
Qəsəbədəki sinaqoqla tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.
Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini də izləyiblər.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Daha sonra məktəblilər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.
Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
Tur-aksiya iştirakçıları, həmçinin “Quba Palace” mehmanxana kompleksində və burada yerləşən Qolf Klubunda da olublar.
Ağdam, Bərdə, Goranboy, Naftalan və Tərtər məktəblərinin şagirdləri isə noyabrın 15-də Azərbaycanın şimal qapısı sayılan Qusara səfər ediblər.
Məktəblilər Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Yayda gözəlliyi ilə gözoxşayan meşələri, qışda qara bürünmüş dağ və dərələri buraya gələnlərin diqqətini çəkir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır.
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar. Məktəblilərə buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Tur-aksiya iştirakçıları mərkəzin xidmətlərindən pulsuz yararlanmaq imkanı da qazanıblar.
Məktəblilər günün ikinci yarısında Həzrə kəndində Şeyx Cüneyd türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyinə, Olimpiya İdman Kompleksinə və rəsm qalereyasına ekskursiya ediblər.

 

AZƏRTAC

16 Noyabr 2018 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin