Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı və Böyük Britaniya “Brexit”in şərtləri ilə bağlı sazışi imzalamağa hazırlaşırlar

Avropa İttifaqı və Böyük Britaniya “Brexit”in şərtləri ilə bağlı sazışi imzalamağa hazırlaşırlar

Böyük Britaniya Krallığının Baş naziri Tereza Mey bəyan edib ki, başçılıq etdiyi hökumət Avropa İttifaqı ilə “Brexit”in şərtləri barədə saziş layihəsini təsdiq edib. Məlumatı TASS verib. 
Bununla belə, bildirib ki, danışıqların nəticəsi ilə bağlı qərar asanlıqla qəbul olunmayıb. Baş nazir hökumət iqamətgahının qarşısında, etirazçıların qəzəbli çıxışları altında elan edib ki, onun kabinetində 5 saat davam edən müzakirələr 585 səhifəlik saziş layihəsinin dəstəklənməsi ilə başa çatıb. Mey bəyan edib ki, ya onun qəbul etdiyi saziş dəstəklənəcək, ya da ölkə xaosla qarşılaşacaq: “Hökumət bəyanat layihəsini və siyasi bəyannaməni dəstəkləməyə qərar verdi”. 
Rəsmi Londonla saziş layihəsi razılaşdırıldıqdan sonra Avropa İttifaqı Şurasının sədri Donald Tusk da “Brexit”lə bağlı yeni sammitin çağırılacağı barədə açıqlama verib. Onun sözlərinə görə, sammit noyabrın 25-də keçiriləcək. Aİ-yə üzv ölkələrin liderləri Böyük Britaniya ilə imzalanacaq sazişə münasibətlərini bildirəcəklər. 
Amma baş nazirin sazişin razılaşdırılması haqqında bəyanatından sonra Böyük Britaniya hökumətində təlatümlər başlanıb. Əvvəlcə ölkənin “Brexit” üzrə naziri Dominik Rab istefaya gedib. Ondan sonra isə əmək və təqaüd naziri Ester Makvey vəzifəsindən getdiyini elan edib. ­Xarici KİV-in məlumatına görə, nazir bununla imzalanması planlaşdırılan sazişə etirazını ifadə edib. Bundan əlavə, sazişin imzalanması ərəfəsində Böyük Britaniyanın milli valyutası dollar və avroya qarşı 1 faiz ucuzlaşıb. 
Hazırda siyasi şərhçilər hesab edirlər ki, Meyin layihəsini parlamentdən keçirmək mümkün olmayacaq. Sazişin qəbulu üçün ona parlamentin 650 üzvündən 320-sinin səsi tələb olunur. Baş nazirin bu sayı əldə edə biləcəyinə ümid çox deyil. 
Eyni zamanda, sazişdə Britaniyanın Aİ-nin Gömrük İttifaqında qalıb-qalmamasına tam aydınlıq gətirilmir, bu məsələnin müzakirəsi daha uzaq perspektivə saxlanılır. Bu isə o deməkdir ki, həmin məsələ barəsində razılaşma əldə edilənədək Britaniya faktiki olaraq Gömrük İttifaqında qalmalı olacaq. Şərhçilərin fikrincə, bu, Londonun həmin müddətdə Avropanın qanun-qaydalarına tabe olacağı mənasına gəlir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

15 Noyabr 2018 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin