Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara Qaşıqçının qətliylə bağlı beynəlxalq təhqiqatın aparılmasını tələb edir

Bəyanatı Türkiyənin ­xarici işlər naziri səsləndirib

Ankara Qaşıqçının qətliylə bağlı beynəlxalq təhqiqatın aparılmasını tələb edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilmiş məşhur jurnalist Camal Qaşıqçının qətli üzrə beynəlxalq təhqiqat aparılmalıdır. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Nazir ölkə parlamentində çıxışı zamanı deyib: “Biz birinci mərhələdə bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı ilə birlikdə işçi qrupu yaratmışdıq. Məsələni beynəlxalq məhkəməyə vermək fikrimiz yox idi. Lakin indi görürük ki, beynəlxalq təhqiqata ehtiyac yaranıb. Biz bundan sonra da cinayətin bütün təfərrüatlarının üzə çıxması üçün əlimizdən gələni edəcəyik”. 
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, bəzi xarici dairələrin iddialarına baxmayaraq, Türkiyə tərəfindən bu məsələ ilə bağlı tamamilə şəffaf təhqiqat aparılır. Bu, bütün dünya tərəfindən etiraf olunur. Qaşıqçının qətli ilə bağlı hər hansı bir gizli sövdələşməyə yol verilə bilməz. Bu barədə yayılan şayiələr tamamilə əsassızdır. 
M.Çavuşoğlu, həmçinin bildirib ki, Ankara Türkiyənin kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən əldə edilən bütün dəlilləri öz xarici tərəfdaşlarına, eləcə də bütün maraqlı tərəflərə təqdim edib. O deyib: “Türkiyə saxtakarlıqla məşğul deyil. Biz beynəlxalq ictimaiyyətlə əlimizdə olan məlumatları paylaşmışıq”.
Bu arada Avropa Parlamenti bu quruma üzv dövlətləri Səudiyyə Ərəbistanına, eləcə də onun Yəməndə başçılıq etdiyi koalisiyada iştirak edən ölkələrə qarşı silah embarqosu tətbiq etməyə çağırıb. Qərarın lehinə 427 deputat səs verib. Əleyhinə 150 nəfər çıxıb, 97 deputat isə bitərəf qalıb. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

15 Noyabr 2018 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin