Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Uşaq ədəbiyyatının genişlənməsinə böyük ehtiyac var

Q.Paşayeva: Uşaq ədəbiyyatının genişlənməsinə böyük ehtiyac var

Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin İstanbul şəhərində Ensar Vəqfinin və Üsküdar bələdiyyəsinin təşkilatçılığı ilə  verdiyi "Ailə, dövlət və toplum" adlı konfransda bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var. O, Türk dövlət və toplumları, onların ziyalılarını bu məsələyə daha böyük diqqət yetirməyə çağırıb. "Bizim birliyimizə, onun güclənməsinə, ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmalarını daha da artırmağa böyük ehtiyac var. Bu istiqamətdə uşaq ədəbiyyatının genişlənməsinə, lazımi mövzular ətrafında proqramların, filmlərin və teleserialların artmasına ehtiyac var”-- deyən  Q.Paşayeva gənclərin milli duyğu və düşüncə içində savadlı böyüməsində ailənin rolu ilə yanaşı cəmiyyətin üzərinə düşən öhdəliklərlə də bağlı geniş məruzə edib.

Q.Paşayeva Türk dünyası siyasətçilərinə, aydınlarına, alimlərinə, QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların əziyyət çəkdiyi problemlərdən danışan Q.Paşayeva deyib: "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar". Q.Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.  Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, ziyalıların, şair, yazar, QHT və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan deputat onları daha fəal olmağa çağırıb. Tədbirin sonunda Üsküdar bələdiyyəsinin və Ensar vəqfinin rəsmiləri Q.Paşayevaya onların dəvətini qəbul edərək konfrans verdiyi üçün təşəkkür ediblər və plaket təqdim ediblər.

Tədbir çərçivəsində Q.Paşayeva bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparılıb və jurnalistlərin suallarını cavablandırıb. Millət vəkili eyni zamanda İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşüb, qayğıları ilə maraqlanıb, söhbət edib.O, eyni zamanda daun sindromlu uşaqlara iş yeri imkanları yaradan "Təbəssüm kafesi"ndə olub, uşaqlar və qurumun rəsmiləri ilə görüşüb. "Təbəssüm kafesi"nin rəhbərliyi ilə görüşündə millət vəkili onların fəaliyyətini və təcrübəsini müsbət dəyərləndirərək, bu təcrübənin hər yerdə daha geniş şəkildə tətbiq edilməsinin vacibliyini qeyd edib və daun sindromlu uşaqlara və Mərkəzə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Noyabr 2018 16:51 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə