Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görmə imkanı məhdud olanların sosial müdafiəsi diqqət mərkəzindədir

Görmə imkanı məhdud olanların sosial müdafiəsi diqqət mərkəzindədir

Ölkəmizdə sosial təminat sistemi ilə əhatə olunan əhali kateqoriyalarından biri də görmə ımkanı məhdud olan şəxslərdir. Azərbaycan Prezidenti İlham Əliyevin fiziki məhdudiyyətli şəxslərə xüsusi qayğısı görmə imkanı olmayan vətəndaşların da sosial təminatının yaxşılaşdırılmasında mühüm addımların atılmasına imkan verib.

Bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı kimi, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Binanın açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yaradılan Regional İnformasiya Mərkəzləri görmə imkanı olmayan və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasında önəmli rol oynayır. Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət kəsb edir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8,5 min görmə imkanı olmayan şəxs əmək pensiyası ilə təmin olunur. Həmin şəxslərə ödənilən əmək pensiyasının orta aylıq məbləği 300 manata yaxındır. Pensiya almaq hüququ olmayanlara aylıq sosial müavinət verilir.  Sosial müavinət alan ümumi səbəblərdən I qrup görmə imkanı məhdud olanlara bu müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir, habelə pensiyanın hesablanmasında güzəştlər mövcuddur.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 48 nəfər görmə imkanı məhdud olan şəxs üçün peşə hazırlığı kursları təşkil edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) indiyədək  1540 nəfər gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanı məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Noyabr 2018 16:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə