Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Demoqrafiya və əhali sakinliyi sahəsində gələcək istiqamətlər müzakirə edilib

 Demoqrafiya və əhali sakinliyi sahəsində gələcək istiqamətlər müzakirə edilib

BMT-nin Əhali Fondunun və Çexiyanın Karlov Universitetinin ekspertləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilk dəfə olaraq respublikanın iqtisadi rayonları və Bakı şəhəri üzrə əhali proqnozları hazırlanıb. Cari ildə bu proqnozların korrektirovkasının aparılması, nəticələr üzrə məlumat bazasının yaradılması və proqnoz məlumatlarının dərc olunması nəzərdə tutulur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayevlə görüşdə bildirib.

S.Babayev beynəlxalq ekspertlər cəlb olunmaqla ölkənin inkişafına təsir edən demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi üzrə kompleks tədqiqatların aparılmasının əhəmiyyətli olduğunu bildirib. O, bu il “Dayanıqlı İnkişafın təmin olunması üçün əhali haqqında demoqrafik göstəricilərin düzgün interpretasiyası və tətbiqi” mövzusunda ölkəmizdə təşkil olunacaq seminarda Karlov Universitetinin və Moskva Dövlət Universitetinin demoqrafiya üzrə ekspertlərinin cəlb olunmasına BMT Əhali Fondu tərəfindən dəstək verilməsinin məqsədəuyğun ola biləcəyini qeyd edib.

F.Babayev BMT-nin Əhali Fondunun demoqrafiya və əhali sakinliyi sahəsində ƏƏSMN ilə əməkdaşlığı genişləndirməkdə, birgə fəaliyyətin, o cümlədən əhali proqnozlarının hazırlanması üzrə işlərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə yeni Dövlət Proqramının layihəsindən bəhs olunub. Beynəlxalq ekspertlərlə birgə demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi,  mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və perspektiv inkişaf meyllərinin müəyyənləşdirilməsi üçün kompleks tədqiqatların aparılması müzakirə olunub.

Həmçinin əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklərin makroiqtisadi inkişafa təsirlərinin araşdırılması məqsədilə Milli Transfer Hesabları layihəsinin tətbiqi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr potensialının inkişaf etdirilməsi  və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2018 15:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə